Accessibility links

Təbriz Məhkəməsi siyasi fəalı həbs, şallaq və cərimə cəzasına məhkum edib


Keçən iyul ayında Təbrizdə təşkil olunan ərəblərə dəstək aksiyası ilə əlaqədar mühakimə edilən milli fəal Məhəmməd İmami həbs, şallaq və cərimə cəzasına məhkum edilib.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, türk fəal “dövlət məmuruna itaətsizlik” ittihamı ilə 8 ay həbs, “ümumi intizamı pozmaq” ittihamından 8 ay həbs və 40 şallaq zərbəsi, “polis məmurunun şikayəti əsasında; qəsdən hücum və yaralama” ittihamından isə cərimə cəzasına məhkum edilib.

Fəalın həbs cəzası 5 il sınaq müddəti olmaqla şərti hesab edilib.

Keçən iyul ayının 24-də təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınan İmami təqribən bir həftə nəzarətdə qaldıqdan sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Keçən iyul ayının ortalarında İranın ərəb icmasının sıx yaşadığı Əhvaz bölgəsində su qıtlığına qarşı baş qaldıran və 10 gündən artıq davam edən kütləvi aksiyalarda bir çox etirazçı öldürülüb.

Əhvaz etirazlarının ardınca türk fəallar İran Azərbaycanının müxtəlif şəhərlərində çağırış vərəqələri paylayaraq əhalini iyulun 24-də ərəb icmasına dəstək etirazlarına qatılmağa çağırmışdılar. İran polisi və hərbi qüvvələri həmin gün Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə etirazları əngəlləmək üçün əsas küçələri bağlamışdı.

İyulun 24-də Təbriz aksiyalarında etirazçılar “azadlıq, ədalət, milli hökümət”, “Azərbaycan, Əl-Əhvaz, ittihad, ittihad” və “haray, haray mən türkəm” kimi şüarlar səsləndirib. Su qıtlığına qarşı etirazlarla əlaqədar Təbriz başda olmaqla, İran Azərbaycanının üç sərhəd vilayətinin mərkəzlərində onlarla vətəndaş nəzarət altına alınıb.

XS
SM
MD
LG