Accessibility links

Çavuşoğlu Yerevan ilə İstanbul arasında çarter reyslərinin bərpa olunacağını açıqlayıb


Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İstanbul və Yerevan münasibətlərin normallaşdırılması istiqamətində atılacaq addımları müzakirə etmək üçün xüsusi nümayəndələr təyin edəcək və çarter uçuşlarını bərpa edəcəklər.

Onun sözlərinə görə, Ermənistanla münasibətlər məsələsində Türkiyə tərəfi Azərbaycanla məsləhətləşib və gələcəkdə bu prosesdə öz addımlarını Bakı ilə də əlaqələndirəcək. Eyni zamanda o, xüsusi nümayəndələrin təyin edilməsinin dəqiq nə vaxt nəzərdə tutulduğunu açıqlamayıb.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bəyan edib ki, rəsmi Yerevan Türkiyə xarici işlər nazirinin Ermənistanla münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndənin təyin edilməsi ilə bağlı bəyanatını müsbət qiymətləndirir. O əlavə edib ki, Ermənistan tərəfi də öz xüsusi nümayəndəsini təyin edəcək.

Hunanyanın sözlərinə görə, Ermənistan həmişə olduğu kimi, ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə hazırdır və bunun Ermənistan hökumətinin proqramında əksini tapdığını vurğulayıb.

2009-cu ilin oktyabrında Ermənistanın Xarici İşlər nazirləri Edvard Nalbandyan və Türkiyənin xarici işlər nazirləri Əhməd Davudoğlu Sürixdə “Diplomatik münasibətlərin qurulmasına dair Protokol” və “İkitərəfli münasibətlərin inkişafına dair Protokol” imzalayıblar və bu protokollar iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməlidir. Amma Türkiyədə hakimiyyətə gələn Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Qarabağ münaqişəsini həll etmədən protokolları ratifikasiya etməyəcək. Buna görə də 2010-cu ildə protokolların ratifikasiyası prosesi dayandırılıb, sənədlərin özü də parlamentdən geri götürülüb.

Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin olmamasına və aralarındakı sərhədin bağlı olmasına baxmayaraq, onlar üçüncü ölkələr vasitəsilə aktiv ticarət aparırlar və ölkələr arasında ticarət dövriyyəsi hər il 200 milyon dollar təşkil edir.

XS
SM
MD
LG