Accessibility links

Qazaxıstan rəsmiləri “gizli məzarlar“ aşkar edildiyini bildirib


Qazaxıstan rəsmiləri bildiridiyinə görə, yanvarın əvvəlində hökumət əleyhinə kütləvi etirazlar zamanı baş verən ölümcül iğtişaşlardan sonra bu Mərkəzi Asiya ölkəsinin ən böyük şəhəri Almatıda “gizli məzarlar” aşkar edilib.

Almatı şəhər polis idarəsinin sözçüsü Səltənət Azirbek yanvarın 20-də məzarların aşkar edildiyini təsdiqləyib və deyib ki, onlar qeyri-müəyyən qrup tərəfindən “iğtişaşların iştirakçılarının müəyyən edilməsini çətinləşdirmək üçün” hazırlanıb.

Almatı şəhərinin polis rəisi Qanat Taymerdenov Almatı morqlarına bir neçə "terrorçular tərəfindən hücumlar" olduğunu və 41 cəsədin götürüldüyünü bildirib.

Prezident Qasım Comərt Toqayev də daxil olmaqla, Qazaxıstan rəsmiləri yanacağın qiymətinin artırılmasına görə yaranan qəzəbli etirazlar zamanı baş verən zorakılıqları hökuməti devirmək istəyən “terrorçuların” üzərinə atsa da, bu iddiaları dəstəkləmək üçün heç bir sübut irəli sürülməyib.

Qazaxıstan rəsmiləri 19-u hüquq-mühafizə orqanları əməkdaşı olmaqla, etirazlar zamanı 227 nəfərin öldüyünü bildirib.

İnsan haqları fəalları isə deyirlər ki, iğtişaşlardan sonra çox sayda insan itkin düşdüyü üçün ölənlərin sayı daha çox ola bilər.

Qazaxstanda maye qazın qiymətinin iki dəfə artması ilə bağlı etirazlar yanvarın 2-də başlayıb, sonradan etirazçıların şüarları siyasi xarakter alıb. Hakimiyyət üç gün sonra fövqəladə vəziyyət elan edib. Tokayev hökuməti istefaya göndərib və keçmiş prezident Nursultan Nazarbayevi Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən kənarlaşdırıb.

Yanvarın 7-də KTMT-nin beş ölkəsinin hərbçiləri Qazaxıstana göndərilib, kontingentin əsas hissəsini Rusiya hərbçiləri təşkil edir. Hakimiyyət orqanlarının məlumatına görə, ölkədə vəziyyət sabitləşib.

XS
SM
MD
LG