Accessibility links

Jurnalist həbsxanada 16 gündür aclıq edir


Polad Aslanov
Polad Aslanov

Xeberman.com saytının həbsdə olan baş redaktoru Polad Aslanov Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində 16 gündür aclığı davam etdirir.

Polad Aslanov fevralın 3-də Ali Məhkəmədə kassasiya şikayətinə obyektiv və ədalətli baxılacağı barədə rəsmi şəxslərin vədlərinə baxmayaraq, aksiyanı dayandırmaqdan imtina edib.

Jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə deyib ki, dünən, yanvarın 20-də Polad Aslanovla telefonla danışıb.

“Çox halsızdır, suallarıma çox çətinliklə cavab verirdi, tez-tez diqqəti dağılır, fikrini toplayıb ifadə edə bilmir,” o qeyd edib.

Aslanova bildirib ki, Polad Aslanovun aclığı dayandırmaq fikri yoxdur, fevralın 3-də Ali Məhkəmədə kassasiya şikayətinə baxılanadək aclığı davam etdirəcək.

“O həkim nəzarətindədir. Buna baxmayaraq açıq havaya çıxarmırlar,” o qeyd edib.

Baş prokuror Kamran Əliyev yanvarın 17-də jurnalistin həyat yoldaşı Gülmirə Aslanovanı qəbul edib.

Gülmirə Aslanova Amerikanın Səsinə bildirib ki, baş prokuror Ali Məhkəmədə jurnalistin kassasiya şikayətinə obyektiv baxılacağını və ədalətli qərar veriləcəyini deyib.

Baş prokuror Kamran Əliyev həmçinin aclıq aksiyasının Polad Aslanovun səhhətinə ziyan verdiyini, bundan narahat olduğunu və aksiyanı dayandırmasını istədiyini bildirib.

Yanvarın 6-dan Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində Polad Aslanov aclıq aksiyasına başlayıb.

Polad Aslanov həbsdən azad olunması və şikayətinə Ali Məhkəmədə ədalətli baxılması tələbilə aclıq edir.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

XS
SM
MD
LG