Accessibility links

Keçmiş səfir 10 il azadlıqdan məhrum edilib


Eldar Həsənov
Eldar Həsənov

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov əmlakı müsadirə edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş səfir, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Bu barədə Amerikanın Səsinə vəkil Cavad Cavadov bildirib.

Onun sözlərinə görə, hökm yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Əfqan Hacıevin sədrliyi ilə keçirilən prosesdə verilib.

“Eldar bəy psixoloji baxımdan bu hökmə hazır idi, sakit qarşıladı. Dəfələrlə Eldar bəy həbsinin siyasi sifariş olduğunu deyib. Bu gün də dedi."

“Təəssüf ki, ittiham aktı olduğu kimi hökmə köçürüldü,”deyə vəkil qeyd edib.

Cavad Cavadov bu məhkəmə qərarından sonra növbəti instansiya məhkəmələrinə müraciət ediləcəyini və son olaraq Avropa İnsan Hüquqlarına Məhkəməsinə müraciət ediləcəyini deyib.

Bundan əlavə vəkil bildirib ki, Eldar Həsənov Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın 3-cü (maddəsinə və Konvensiyanın 5-ci maddəsinin 1 (c), 3 və 4 -cü maddələrinə əsaslanaraq, həbsdə ona adekvat tibbi müalicənin təmin edilməməsindən, həbs-qətimkan tədbirinin əsassız seçilməsindən, barəsindəki həbs tədbirinə qərar verilmiş prosesin ədalətli olmamasından şikayət edir.

Bu iş üzrə artıq kommunikasiya başlayıb. Buna görə hökumətə aydınlaşdırıcı suallar göndərilib.

Rəsmi məlumat

Eldar Həsənov 2020-ci il avqustun 13-də vəzifə səlahiyyətlərindən sui-istifadədə və büdcə vəsaitindən təyinatına uyğun olmayan istifadədə şübhəli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Eldar Həsənovla birgə ittiham olunan digər şəxslər barədə cinayət işi ayrıca icraata ayrılıb və sonradan onların hamısı barəsində həbs qətimkan tədbiri dəyişdirilib, şərti cəzaya məhkum ediliblər.

Bununla yanaşı, Həsənov həbsdə olarkən xəstəliyi ilə əlaqədar bir neçə dəfə hospitala köçürülüb. O cərrahi əməliyyata məruz qalıb. Vəkillərin istintaq müddətində barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin edilməyib.

Eldar Həsənov ittihamları qəbul etmir

Keçmiş səfir özünü təqsirli bilmir və ittihamları əsassız hesab edir. Eldar Həsənov iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə dövlət başçısına yalan məlumat ötürüblər.

XS
SM
MD
LG