Accessibility links

Britaniya Kremli Ukraynada rusiyayönlü siyasətçini hakimiyyətə gətirmək planlarında ittiham edir


Ukrayna Silahlı Qüvvələrin könüllü hərbi birləşmələri olan Ərazi Müdafiə Qüvvələrinin üzvləri Kyivdə şəhər parkında məşq edir, 22 yanvar 2022-ci il.
Ukrayna Silahlı Qüvvələrin könüllü hərbi birləşmələri olan Ərazi Müdafiə Qüvvələrinin üzvləri Kyivdə şəhər parkında məşq edir, 22 yanvar 2022-ci il.

Britaniya şənbə günü Kremli Ukraynada rusiyayönlü siyasətçini hakimiyyətə gətirmək planlarında ittiham edib və Rusiya kəşfiyyat orqanlarının müdaxilə planlarının bir hissəsi olaraq Ukraynanın bir neçə keçmiş siyasətçisi ilə əlaqə saxladığını bildirib.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiya hərbi qüvvələrinin Ukrayna ilə sərhədə yaxın ərazidə yerləşdirilməsi ilə bağlı Rusiya ilə Qərb arasında gərginliyin yüksək olduğu bir vaxt irəli sürülən iddialarını dəstəkləmək üçün sübut təqdim etməkdən imtina edib. Moskva müdaxilə planları olmadığında israr edir.

Britaniya Xarici İşlər Nazirliyi Rusiya hökumətinin keçmiş ukraynalı deputat Yevgeni Murayevi rusiyayönlü rəhbərliyə potensial namizəd kimi nəzərdən keçirdiyi barədə məlumatlara malik olduğunu bildirib.

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass

ABŞ narahatlığını bildirir

“Biz Kremlin Ukraynada rusiyayönlü hakimiyyətin qurulması planına tolerantlıq göstərməycəyik”, Britaniyanın Xarici işlər naziri Liz Trass Twitter səhifəsində yazıb. “Kreml bilir ki, hərbi müdaxilə ciddi strateji səhv olacaq və Böyük Britaniya və tərəfdaşlarımız Rusiyaya baha başa gələcək tədbirlər görəcək”, o qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyi Britaniyanın Moskva və Kyiev vaxtı ilə bazar günü yaydığı bəyanatı rədd edərək, bunu “dezinformasiya” adlandırıb.

“@FCDOGovUK tərəfindən yayılan dezinformasiya #Ukrayna ətrafında gərginliyi artıranların Anglo-Sakson ölkələrinin rəhbərlik etdiyi @NATO üzvləri olduğunun daha bir göstəricisidir”, nazirliyin Twitter səhifəsində bildirilib.

Xarici işlər nazirliyində mənbə bildirib ki, kəşfiyyat məlumatlarının paylaşılması adi hal deyil və təfərrüatlar yalnız Rusiyanın aqressiyasının qarşısını almaq üçün diqqətlə nəzərdən keçirildikdən sonra məxfilikdən çıxarılıb.

“Bu cür planlar dərin narahatlıq doğurur. Ukrayna xalqının öz gələcəyini müəyyən etmək kimi suveren hüququ var və biz Ukraynada demokratik yolla seçilmiş tərəfdaşlarımızla birgə dayanırıq”, ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn verdiyi açıqlamada bildirib.

Qeyri-populyar siyasətçilər

45 yaşlı Murayev Rusiyayönlü siyasətçidir və Ukraynanın Qərbə inteqrasiyasının əleyhinədir. Razumkov analitik mərkəzinin 2021-ci ilin dekabrında keçirdiyi sorğuya əsasən, o, 2024-cü il prezident seçkiləri üçün namizədlər arasında 6,3 faiz dəstəklə yeddinci yerdə qərarlaşıb.

Bu həftə Ukraynaya 2000 raket və hərbi müşavirlər komandası göndərən Britaniya həmçinin Rusiya kəşfiyyat orqanlarının keçmiş prezident Viktor Yanukoviçlə əlaqəsi olan şəxslər də daxil olmaqla, Ukraynanın “çoxsaylı” siyasətçiləri ilə əlaqə saxlaması barədə məlumatlara malik olduğunu bildirib.

Yanukoviç onun hakimiyyətinə qarşı üç ay davam edən etirazlardan sonra 2014-cü ildə Rusiyaya qaçıb və 2019-cu ildə dövlətə xəyanət ittihamı ilə qiyabi olaraq 13 il həbs cəzasına məhkum edilib.

“Bunlardan bəzilərinin (keçmiş ukraynalı siyasətçilərin) hazırda Ukraynaya hücum planlaşdırılmasında iştirak edən Rusiya kəşfiyyat agentləri ilə əlaqəsi var”, Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Britaniya təzyiqləri artırır

Baş nazir Boris Consonun ofisindən bildirilib ki, Britaniya lideri bu həftə avropalı həmkarlarını Rusiyanın aqressiyasına qarşı mübarizə aparmaq üçün ABŞ-la bir araya gəlməyə çağıraraq, Rusiyaya təzyiqləri artırmağı planlaşdırır.

RİA xəbər agentliyi daha əvvəl Trassın fevral ayında rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün Moskvaya səfər edəcəyini, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və onun britaniyalı həmkarı Ben Uollesin də danışıqlar aparmağa razılaşdığı haqda məlumat vermişdi.

XS
SM
MD
LG