Accessibility links

Tofiq Yaqublu: Məni döyüblər.  Görüntülər də var. Başqa mən neyləməliyəm?


Tofiq Yaqublu ilə müsahibə
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Tofiq Yaqublu ilə müsahibə

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu deyir ki, Səbail Rayon Prokurorluğunun gəldiyi nəticəyə görə o, özü-özünə xəsarət yetirib.

Tofiq Yaqublu prokurorluğun dediklərini haqlı saymır.

O, Amerikanın Səsinə müsahibəsində prokurorluğun döyülmə faktına verdiyi qiymətdən və bununla razılaşmayaraq məhkəməyə müraciət edəcəyindən danışıb.

“Bu hadisə mənim başıma gəlib, mən işgəncə görmüşəm. Məni döyüblər. Görüntülər də var. Başqa mən neyləməliyəm?”

Yaqublu hesab edir ki, onun döyülməsi siyasi fəliyyəti ilə bağlıdır.

“Səbəb çox sadədir. Mənə qarşı edilmiş cinayət siyasi sifariş idi. Səbəbləri kifayət qədər aydındır. Müxalifəti susdurmaq, cəmiyyəti qorxutmaq, danışan dilləri baltalamaq. Göstərmək ki, biz hər şeyə qadirik. Biz hakimiyyəti qorumaq üçün istənilən cinayətə getmişik və gedəcəyik. Bunu açıq şəkildə büruzə verirlər. Təəssüf ki, hələ də dediklərini edirlər."

Tofiq Yaqublu artıq ölkədə bütün instansiya məhkəmələrini keçəndən sonra Avropa məhkəməsinə müraciət edəcəyini deyib.

Öz növbəsində bir müddət əvvəl Azərbaycan Baş Prokurorluğu da Amerikanın Səsinə rəsmi açıqlama verib. Prokurorluq deyir ki, Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyin tələbinə görə cinayət hadisəsi olmaması əsası ilə toplanmış material üzrə dekabrın 30-da cinayət işinin başlanması rədd edilib.

Tofiq Yaqublunun saxlanılması və döyülməsi

Tofiq Yaqublu ötən ilin dekabrın 1-də Bakıda Fəvvarələr meydanında həmin vaxt həbsdə aclıq edən Saleh Rüstəmova dəstək aksiyasında polislər tərəfindən saxlanılıb. Həmin gün axşam saatlarında Ələt qəsəbəsində tapılan Yaqublunun üzərində ciddi xəsarət izləri olub. Yaqublu hesab edir ki, onu polislər döyüb.

Daxili İşlər naziri nə deyir ?

Lakin Daxili İşlər naziri Vilayət Eyvazov Yaqublunu polislərin o vəziyyətə salmasını istisna edib.

Nazirlə görüşdən sonra bu haqda açıqlama verən hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, onlar Yaqublunun döyülməsi məsələsini müzakirə edəndə Eyvazov bunları deyib:

"Bildirdi ki, aksiyada saxlanılarkən və maşına mindirilərkən müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti yoxdur. Nazir dedi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək. Soruşduq ki, o zaman niyə bu hadisə ilə bağlı cinayət işi başlanmır? Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın. Əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq".

Tofiq Yaqubluya təzyiqlər

Tofiq Yaqublu bundan öncə müxtəlif ittihamlarla bir neçə dəfə həbsdə olub. O, siyasi sifarişlə həbs edildiyin dəfələrlə deyib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi sifarişli həbslərin olması ilə bağlı deyilənləri təkzib edir.

XS
SM
MD
LG