Accessibility links

Həbsxanada aclıq edən jurnalist müalicə müəssisəsinə yerləşdirilib


Polad Aslanov

19 gündür aclıq edən Xeberman.com saytının redaktoru Polad Aslanov bu gün, yanvarın 22-də Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilib. Bu, səhər saatlarında jurnalistin 1 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində bayılaraq yıxılmasından sonra olub.

Onun həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə bildirib ki, Polad namaz vaxtı yıxılıb, bundan sonra həkimlərin tövsiyəsilə koloniya rəhbərliyi onu xəstəxanaya yerləşdirməyə qərar verib.

"Həkim dedi ki, Polad müşahidə altındadır, lakin koma təhlükəsi yaranarsa, həkimlər məcburi qidalandırmaya başlayacaqlar," Aslanova deyib.

O, həmçinin xəstəxanada həyat yoldaşına baş çəkib və aksiyanı dayandırmasını xahiş edib, ancaq jurnalist imtina edib.

Fevralın 3-də Ali Məhkəmədə Polad Aslanovun kassasiya şikayətinə baxılacaq.

Baş prokuror Kamran Əliyev yanvarın 17-də jurnalistin həyat yoldaşı Gülmirə Aslanovanı qəbul edib.

Gülmirə Aslanova Amerikanın Səsinə bildirib ki, baş prokuror Ali Məhkəmədə jurnalistin kassasiya şikayətinə obyektiv baxılacağını və ədalətli qərar veriləcəyini deyib.

Baş prokuror Kamran Əliyev aclıq aksiyasının Polad Aslanovun səhhətinə ziyan verdiyini, bundan narahat olduğunu və aksiyanı dayandırmasını istədiyini bildirib.

Yanvarın 6-dan Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində Polad Aslanov aclıq aksiyasına başlayıb.

Polad Aslanov həbsdən azad olunması və şikayətinə Ali Məhkəmədə ədalətli baxılması tələbilə aclıq edir.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

Yanvarın 22-də Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said Amerikanın Səsinə bildirib ki, Polad Aslanovun işi çox ciddidir.

“Biz Polad Aslanovun işini izləyirik. Təəssüflər olsun ki, Azərbaycanda xüsusən də penitensiar sistemdə vəziyyət o qədər acınacaqlıdır ki, aclıq aksiyası həbsdə olan siyasi məhbusların, o cümlədən jurnalistlərin diqqəti öz işlərinə cəlb etmək, hüquqları uğrunda mübarizə aparmaq üçün az qala yeganə çıxış yoluna çevrilib,” o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG