Accessibility links

Dunya Miyatoviç: Azərbaycanda Media haqqında yeni qanun dəyişdirilməlidir


Dunya Miyatoviç

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda onu Milli Məclisin qəbul etdiyi "Media haqqında" qanunu yenidən baxılmaq üçün geri qaytarmağa çağırıb.

Komissar məktubunda "Media haqqında" yeni qanunun geniş və məzmunlu məsləhətləşmələr aparılmadan qəbul edilməsi ilə bağlı ciddi narahatlığını dilə gətirib.

“Yeni qəbul edilmiş qanun ölkədə ifadə azadlığı və media azadlığının vəziyyətini daha da pisləşdirir, media sektorunu tənzimləmək üçün dövlət qurumlarına xüsusi səlahiyyətlər verir ki, buraya lisenziyalaşdırma, jurnalistlərin işini həddən artıq məhdudlaşdırma, media şirkətləri və qurumlarının maliyyə, hüquqi və operativ fəaliyyətinə bəzi məhdudiyyətlər daxildir,” məktubda deyilir.

Miyatoviç qanunvericiliyin söz və media azadlığı sahəsində beynəlxalq standartlara və Avropa standartlarına uyğunlaşdırılması zərurətini vurğulayır.

“Media haqqında” yeni qanun

Ötən il dekabrın 30-da Azərbaycan parlamenti “Media haqqında” yeni qanunu qəbul edib.

Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Bu yaxınlarda media icmasının bir qrup nümayəndəsi prezident İlham Əliyevi “Media haqqında” qanunu imzalamamağa çağırıb.

Bu qanuna qarşı müstəqil jurnalistlərin etirazı davam edir. Onlar hesab edir ki, bu qanun layihəsinin qəbul edilməsində məqsəd ölkədə söz azadlığını boğmaq və sosial şəbəkələri hakimiyyətin nəzarətində saxlamaqdır.

Azərbaycan rəsmiləri deyilənlərin əksini düşünür

Azərbaycan rəsmiləri hesab edir ki, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etməyəcək.

Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir.

Bununla yanaşı media ilə bağlı monitorinqlərə görə, son bir ildə böhtan və təhqirlə bağlı iyirmidən çox jurnalist məhkəməyə verilib. Jurnalistlərə qarşı otuzdan çox insident qeydə alınıb. Ölkənin iki jurnalisti münaqişə bölgəsində mina partlayışı nəticəsində həlak olub.

Beynəlxalq təşkilatlar Azərbaycan mediası haqqında

“Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksinə görə Azərbaycan ötən ilə nisbətdə bir pillə irəliləyərək 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Lakin, yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin ağır olaraq qaldığını düşünür. Onlar hesab edir ki, Azərbaycanda uzun illərdir bir sıra müstəqil media qurumlarına qarşı təzyiq kampaniyaları davam etdirilir.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsdədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrından bağlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG