Accessibility links

Müdafiə Komitəsi hökuməti Əli Əliyevə qarşı qeyri-hüquqi təqibi aradan qaldırmağa çağırır


Əli Əliyev
Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin Hüquqlarının İctimai Müdafiə Komitəsi hökuməti həbs təqibini aradan qaldırmağa çağırır.

“Müdafiə Komitəsi olaraq ictimaiyyəti Əli Əliyevin hüquqlarını fəal şəkildə müdafiə etməyə səsləyir, onun ətrafında cərəyan edən qanunazidd proseslərə laqeyd qalmamağa dəvət edir, həbsə dair siyasi sifariş verən hökuməti ən geci apellyasiya baxışında əsassız və qeyri-hüquqi təqibi aradan qaldırmağa dəvət edirik,” Müdafiə Komitəsinin bəyanatında deyilir.

Yanvarın 13-də Bakının Yasamal Rayon Məhkəməsi hakim Hüseyn Səfərovun sədrliyi ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev barəsində hərbçi Emil Cəfərovun şikayəti üzrə beş ay həbs hökmü çıxarıb. Partiya sədri məhkəmə zalında həbsə alınıb.

Əli Əliyev Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi ilə təqsirli bilinib.

Partiya sədri ona qarşı ittihamı qəbul etmir və əsassız sayır.

“Məhkəmə prosesləri ardıcıl təzyiqlərin davamıdır,” o, məhkəmədə qeyd edib.

Vəkil Cavad Cavadov məhkəmənin hökmünü “gülünc və biabırçı” kimi xarakterizə edib. O, məhkəmənin hökmündən apellyasiya şikayəti verəcək.

“Bu, növbəti sifarişli hökmdür. Amma Azərbaycan məhkəməsi yenə məni heyrətləndirməyi bacardı. Əli Əliyev məhkəmədə bildirdi ki, böhtan atmaq məqsədi olmayıb, hərbçiləri tanımır. Sadəcə mövcud faktları təhlil edərək qənaətə gəlib ki, onlar helikopterdə olmayıb. Bu onun şəxsi qiymətləndirici mülahizəsidir. Buna görə onu həbs edə bilməzlər. Kiməsə böhtan atmaq məqsədi olmayıb,” vəkil Amerikanın Səsinə deyib.

2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, nəticədə 14 hərbçi həlak olub, iki nəfər yaralanıb. Helikopterin qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə verib.

Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” YouTube kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. Əli Əliyev, həmçinin helikopter qəzasında Rusiyanın əlinin olması ehtimalını da istisna etməyib.

Helikopter qəzası faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluq helikopterin qəzaya uğramasına pilotların idarəetmədə yol verdikləri səhvlərin səbəb olduğunu bildirib.

Baş Prokurorun birinci müavini Elçin Məmmədov bildirib ki, qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıb.

Əli Əliyevin Hüquqlarını İctimai Müdafiə Komitəsi bugünkü müraciətində bildirir ki, ittiham yalnız Əli Əliyevə qarşı deyil, fikir, söz, özünüifadəetmə azadlığına, vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququna növbəti həmlə, müxalif mövqeyi ilə fərqlənən təsisatların, şəxslərin susdurulması cəhdi kimi dəyərləndirir.

“Ölkədə onsuz da ağır olan repressiv mühitin daha da dərinləşdiyini, siyasi ağırlıqlı cinayət təqiblərinin tam adi xarakter aldığını vurğulayırıq,” sənəddə qeyd edilir.

Müdafiə Komitəsi bildirir ki, xüsusi ittihamçıların və təqsirləndirilən şəxsin məhkəmə qarşısında bərabərliyi, müdafiə hüququ, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi təmin edilməyib, çəkişmə prinsipi kobud şəkildə pozulub.

Sənədi 70-dən çox ictimai-siyasi xadim, jurnalist, ziyalı, hüquq müdafiəçisi imzalayıb.

Əli Əliyevin Hüquqlarını İctimai Müdafiə Komitəsi yanvarın 24-də təsis edilib.

Vətəndaş və İnkişaf Partiyası 28 may 2006-cı ildə təsis edilib. Təsis qurultayında Əli Əliyev bu partiyanın sədri seçilib. Əliyev bundan öncə Azərbaycamn Milli İstiqlal Partiyasının sədri olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG