Accessibility links

Roma Papası COVID peyvəndləri haqqında çıxan saxta xəbərləri pisləyib


Roma Papası Fransis
Roma Papası Fransis

Roma Papası Fransis cümə günü COVID-19 və peyvəndlər haqqında saxta xəbərləri pisləyərək "reallığın qorxuya əsaslanan təhrifi"adlandırıb, eyni zamanda bu cür yalanlara inanan insanlara həqiqi elmi faktları anlamağa kömək etməyə çağırıb.

Fransis pandemiya ilə bağlı dezinformasiya ilə mübarizə aparmaq üçün fakt yoxlama şəbəkəsi yaradan katolik jurnalistlərlə görüşüb. O, insanları tez-tez həqiqəti axtaran və fərdlərə hörmət edən məsuliyyətli jurnalistikaya yönəldirdi və onun "Katolik fakt yoxlama" media qurumu ilə görüşü bu mesajı daha da gücləndirib.

“Bu günlərdə pandemiya ilə yanaşı, “infodemiya”nın da yayıldığını inkar edə bilmərik: reallığın qorxuya əsaslanan təhrifi, bizim qlobal cəmiyyətimizdə uydurulmuş, saxtalaşdırılmış xəbərlərə şərhlərin yayılmasına səbəb olur.", deyə Papa bildirib.

Onun sözlərinə görə, elmi fatklara əsaslanan dəqiq məlumat əldə etmək insan hüququdur və xüsusilə faktları internetdə mövcud olan fakt kimi maskalanan dezinformasiya və şərhlər bataqlığından ayırmaq üçün daha az təchizatlı olanlar üçün təmin olunmalıdır.

Eyni zamanda, Fransis belə təhriflərin qurbanı olanlara mərhəmətli yanaşılmasını istədi ki, bu onların həqiqəti anlamasına kömək olsun.

“Saxta xəbərlər təkzib edilməlidir, lakin ayrı-ayrı şəxslərə həmişə hörmət edilməlidir, çünki onlar çox vaxt tam məlumatlı olmadan və məsuliyyət daşımadan buna inanırlar. Reallıq həmişə düşündüyümüzdən daha mürəkkəbdir və biz insanlarda oyanan şübhələrə, narahatlıqlara və suallara hörmətlə yanaşmalı, onları heç vaxt rədd etmədən müşayiət etməliyik.", deyə o, əlavə edib.

Bəzi katoliklər, o cümlədən bəzi mühafizəkar ABŞ yepiskopları və kardinalları, abort edilmiş döllərdən əldə edilən hüceyrələrdən istifadə edən tədqiqatlara əsaslanaraq, peyvəndlərin əxlaqsız olduğunu iddia edib və peyvənd olunmaqdan imtina edib.

Bununla belə, Vatikanın doktrina ofisi katoliklərin COVID-19 peyvəndini, o cümlədən abort edilmiş döllərdən əldə edilən hüceyrələrdən istifadə edən tədqiqatlara əsaslanan peyvəndlərdən istifadə olunmasının "mənəvi cəhətdən məqbul olduğunu" söyləyib. Fransis və Emeritus Papa XVI Benedict hər ikisi Pfizer-BioNTech peyvəndi ilə tam peyvənd olunublar.

Fransis peyvəndlərin və pandemiya ilə mübarizə tədbirlərinə hörmətin lehinə çıxış edən dini liderlərdən biri olub. O, insanların özlərinin və başqalarının sağlamlığını təmin etmək üçün "mənəvi öhdəliklərinin" olduğunu nəzərdə saxlayıb və Vatikan bu yaxınlarda bütün işçilərdən ya peyvənd olunmalarını, ya da iş yerlərinə daxil olmaq üçün COVID-19 keçirdiyinə dair sübut təqdim etmələrini tələb edib.

XS
SM
MD
LG