Accessibility links

Britaniyada Azərbaycan deputatının ailəsinin hesabındakı 5,6 milyon funt-sterlinqin müsadirəsi barədə qərar çıxarılıb


Cavanşir Feyziyev
Cavanşir Feyziyev

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) araşdırmalardan sonra Azərbaycan parlamentinin deputatı, Böyük Britaniya-Azərbaycan, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Britaniyanın bank hesablarındakı 5,6 milyon funt-sterlinqin müsadirəsi ilə bağlı qərar çıxarıb.

Britaniyanın Milli Cinayət Agentliyinin məlumatında deyilir ki, geniş araşdırmalardan sonra Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanın, övladlarından biri Orxan Cavanşirin və qardaşı oğlu Elman Cavanşirin adına olan 6 hesabın dondurulması sərəncama alınıb.

“Belə ki, müstəntiqlər bu hesablardakı vəsaitlərin Azərbaycanın landromatından əldə olunduğundan və bu səbəbdən də geri qaytarıla bilən əmlak olduğundan şübhələnirlər."

Westminster Magistrates Məhkəməsində üç həftəlik mübahisəli müsadirə dinləməsindən sonra, Dairə Hakimi Con Zani bu sənədlərin tamamilə uydurma olduğuna və hesabları təşkil edənlərin əsas çirkli pulların yuyulması fəaliyyətlərini gizlətmək üçün hazırlandığına dair çoxlu sübutların olması qənaətinə gəlib.

“Hakim qərarında qeyd edib ki, təqdim edilmiş sübutları hərtərəfli nəzərdən keçirərək, o, müvafiq vaxtda Azərbaycan, Estoniya və Latviyada çirkli pulların yuyulması ciddi sxeminin mövcud olmasından tamamilə razıdır. İlkin olaraq bank hesablarında dondurulmuş 15,3 milyon funt-sterlinqdən müsadirə üçün sifariş edilmiş ümumi məbləğ 5,630,994,19 funt-sterlinq təşkil edib”

NCA-nın Mülki Bərpa şöbəsinin rəhbəri Endi Lyuis deyib: “Bu, Azərbaycan landromatı vasitəsilə yuyulmuş pulların əhəmiyyətli dərəcədə müsadirəsidir və bizim uğurumuz bu sxemlərdən istifadə edən hər kəs üçün riski vurğulayır. Biz ilkin cinayət fəaliyyətinin dəqiq mahiyyətini sübut etməyə ehtiyac duymadan bu milyonları geri ala bildik. Böyük Britaniyaya qeyri-qanuni yollarla daxil olan pulları hədəf almaq üçün mülki səlahiyyətlərdən istifadə etməyə davam edəcəyik,” Lyuis qeyd edib.

Milli İqtisadi Cinayətlər Mərkəzinin direktor müavini Ben Russell bildirib ki, bu iş NCA-nın beynəlxalq korrupsiya və əlaqəli çirkli pulların yuyulmasından əldə edilən gəlirləri araşdırmaq və müsadirə etmək öhdəliyini nümayiş etdirir.

“Böyük Britaniya qeyri-qanuni maliyyəyənin düşməndir və bununla mübarizə aparmaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək,” o qeyd edib.

Milli Məclisin deputatı Cavanşir Feyziyevin telefonlarına zəng çatmır. Bu səbəbdən onun Milli Məclisdəki köməkçisi Turan Salamovla əlaqə saxladıq.

Salamov Amerikanın Səsinə bildirib ki, Feyziyev Böyük Britaniya-Azərbaycan, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitələrinin həmsədridir.

“Bu səbəbdən Feyziyev çox məşğul olur, onun telefon zənglərinə cavab vermək üçün vaxtı olmur. Mənim isə köməkçi kimi deputatın fəaliyyəti ilə bağlı hər hansı məlumat vermək səlahiyyətim yoxdur,” o qeyd edib.

Köməkçi həmçinin sualımızı deputat Cavanşir Feyziyevə çatdıracağını deyib.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti Amerikanın Səsinin sualının cavabında bunları bildirib: “Baş Prokurorluğa qeyd edilən məsələ ilə bağlı rəsmi məlumat daxil olmadığından, tərəfimizdən bununla bağlı şərh verilmir.”

Bununla yanaşı, 2021-ci ilin noyabrında Feyziyevlər ailəsinin sözçüsü media üçün açıqlamasında onların NCA-in iddialarını “qəti şəkildə rədd etdiklərini” və “tamamilə yanlış” olduğunu bəyan edib.

Sözçü daha sonra deyib ki, agentlik vəsaitin “hər hansı cinayət fəaliyyəti ilə bağlı mənbədən gəldiyini göstərən əsaslı sübutlar” təqdim etməyib.

Ailənin sözçüsü deyib ki, Feyziyevlər Britaniyanın ədalət sisteminə tam inanır və NCA tərəfindən irəli sürülmüş iddiaların əsassız olduğunun sübut edilməsini gözləyir.

Məlumatda deyilir ki, NCA sözü gedən iş üçün OCCRP-nin Feyziyev barəsində bundan əvvəlki reportajına istinad edib.

OCCRP-nin (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (Organized Crime and Corruption Reporting Project ) 2017-ci ildə dərc edilən təhqiqat reportajında deyilir ki, adları əsası Feyziyev tərəfindən qoyulmuş əczaçılıq şirkəti ilə eyni olan iki şirkətə Azərbaycanın pulyuyan maşını vasitəsilə 138 milyon dollar vəsait daxil olub.

Həmin reportajın böhtan olduğu barədə Feyziyevin iddiası razılaşdırılmış şərtlərlə həll olunub.

Feyziyev hər hansı çirkli pulların yuyulmasında və qanunsuz fəaliyyətdə iştirakını qətiyyətlə inkar edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG