Accessibility links

Venesiya Komissiyası "Media haqqında" qanuna rəy verəcək?


Venice commission
Venice commission

Fevralın 2-də Venesiya Komissiyasına Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin sədri Piero Fassinonun sorğusu daxil olub.

Bu barədə Venesiya Komissiyasının saytındakı məlumatda deyilir.

O, Azərbaycanda media haqqında yeni qanunla bağlı Venesiya Komissiyasının rəyini istəyib.

Media hüququ üzrə ekspertlər yeni qanunun Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə və standartlara cavab vermədiyini deyirlər. Media hüququ üzrə ekspert Rəşid Hacılı bildirib ki, yeni qanun ifadə azadlığına ziddir.

Venesiya Komissiyası "Media haqqında" qanuna rəy verəcək?
please wait

No media source currently available

0:00 0:03:16 0:00

Avropa Şurası və Venesiya komissiyası “Media haqqında” yeni qanuna necə qiymət verə bilər sualına gəlincə Hacılı deyir ki, bu qanunun Avropa İnsan Avropa İnsan Hüquqları Konvensiyasına uyğunluğu yoxlanılmalıdır.

“Onlar həmin qanunun Avropa konvensiyasına uyğunluğunu, o cümlədən, AŞPA-nın müəyyən etdiyi media azadlığı ilə bağlı uyğunluğunu yoxlayacaq və öz tövsiyyələrini verəcək. Bir çox müddəalar var ki, xüsusilə TV-lərlə bağlı o cümlədən, mübahisə doğuran jurnalistlərin qeydiyyatdan keçmələri məsələsi, online resursların qeydiyyatı məsələsi və bir çox məsələlər var ki, onların standratlara uyğun olmaması ilə bağlı rəylər olacaq”, o deyib.

“Media haqqında” yeni qanunun qəbul edilməsinə müstəqil jurnalistlərin etirazı davam edir. Onlar hesab edir ki, bu qanunun qəbul edilməsində məqsəd ölkədə söz azadlığını boğmaq və sosial şəbəkələri hakimiyyətin nəzarətində saxlamaqdır.

Müstəqil jurnalist Kamran Mahmudov deyir ki, “təkmil qanunun yaradılmasına ehtiyac var idi, nəinki mürtəce qanunvericiliyin yaradılmasına”. O, bu qanunun prezident tərəfindən imzalanmayacağına ümid etdiyini deyir.

Jurnalist hesab edir ki, qanun hələ qüvvəyə minməsə də “bundan nəyə görə istifadə ediləcəyinin işartıları görünməkdədir”.

“Bunlar isə təkmil bir qanunvericilik adı ilə yeni media qanunu adını qoydular. Əslində qanunda müddəalara baxdıqda aydın görmək olur ki, qanunu mürtəceləşdiriblər. Burada konkret olaraq medianı nəzarətə götürmək istəyən şəxslərin məqsədləri gözə çarpır. Onlar kimə işləmək olar, kimə işləmək olmaz icazəsini qanuniləşdirsinlər”, o deyib.

Azərbaycan parlamenti “Media haqqında” yeni qanunu qəbul edib

Ötən ilin dekabrın 30-da Azərbaycan parlamenti “Media haqqında” yeni qanunu qəbul edib. Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Bu yaxınlarda Media ictimaiyyətinin bir qrup nümayəndəsi prezident İlham Əliyevi “Media haqqında” qanunu imzalamamağa çağırıb.

Azərbaycan Media İnkişaf Agentliyi “Media haqqında” yeni qanunla bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verilməyib.

Azərbaycan rəsmiləri deyilənlərin əksini düşünür

Ancaq Azərbaycan rəsmiləri hesab edir ki, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etməyəcək.

Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir.

Beynəlxalq təşkilatların gözündə Azərbaycan

“Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksində göstərlir ki, bu indeks üzrə Azərbaycan ötən ilə nisbətdə bir pillə irəliləyərək 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Lakin, yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin daha ağır olaraq qaldığını düşünür. Onlar hesab edir ki, Azərbaycanda uzun illərdir bir sıra müstəqil media qurumlarına qarşı təzyiq kampaniyaları davam etdirilir.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsdədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrından bağlanıb.

XS
SM
MD
LG