Accessibility links

Emmanuel Makron Moskvada Vladimir Putinlə danışıqlar aparıb


Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsinin qarşısının alınması məqsədilə bazar ertəsi Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb, lakin Kreml əvvəlcədən bildirib ki, Qərblə yaranmış böhranın dərhal həll ediləcəyini gözləmir.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, “vəziyyət bir görüşlə həlledici irəliləyiş gözləmək üçün çox mürəkkəbdir”.

“Son günlər Rusiya üçün təhlükəsizlik təminatları mövzusunda yeni heç nə yoxdur. Qərbli həmsöhbətlərimiz bu mövzuya toxunmamağa üstünlük verir” - deyə, Peskov bildirib.

Moskva Ukraynanın Rusiya ilə şərq sərhədinə və müttəfiqi Belarusda 100 mindən çox əsgər yerləşdirib. Qərb Putinin hər an keçmiş Sovet respublikasına müdaxilə əmri verəcəyindən ehtiyat edir.

Fransa, ABŞ və onların NATO üzrə müttəfiqləri Moskvanın Ukraynanın İkinci Dünya Müharibəsindən sonra yaradılmış Qərb hərbi alyansına mümkün üzvlüyünü istisna etmək tələbini rədd edib.

Makron Parisdən ayrılmazdan əvvəl Le Journal du Dimanche qəzetinə bildirib: “Biz çox realist olmalıyıq. Birtərəfli jestlər əldə etməyəcəyik, lakin mexanizmlər və qarşılıqlı etimad yaratmazdan əvvəl vəziyyətin pisləşməsinin qarşısını almaq vacibdir”.

Putinlə görüşdən sonra Makron çərşənbə axşamı Ukrayna liderləri ilə danışıqlar aparmaq üçün Kiyevə yola düşəcək.

Bu arada, ABŞ prezidenti Co Bayden Vaşinqtonda Almaniya kansleri Olaf Şoltsla görüşür. Bu, dekabr ayında Berlində hakimiyyətə gəldikdən sonra Bayden və Şolts arasında ilk təkbətək görüşdür.

Danışıqlar zamanı diqqət mərkəzində Şərqi Avropada gərginliyin azaldılması və Rusiyanın Ukraynaya müdaxiləsinin qarşısının alınması məsələləri olacaq.

Bayden ABŞ hərbi qüvvələrinin döyüşmək üçün Ukraynaya göndərilməsini istisna etsə də, hazırda NATO-nun şərq cinahında Rumıniya və Polşaya 3000 ABŞ əsgəri yerləşdirib və Kiyev hökumətinə 500 milyon dollarlıq hərbi yardım göndərib.

XS
SM
MD
LG