İctimaiyyət arasında “Tərtər işi” kimi tanınan cinayət işi üzrə işgəncə verməkdə şübhəli bilinən 4 nəfər həbs edilib, cinayət təqibi zamanı ölmüş bir nəfər barəsində bəraətverici əsas olmadığından qərar ləğv edilib. 163 nəfər zərərçəkən şəxs kimi tanınıb.
Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində bir qrup hərbi qulluqçunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib.
Bu səbəbdən fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar 16 dekabr 2021-ci ildə cinayət işləri üzrə icraat təzələnib.
“İstintaq hərəkətləri zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Vüsal Ələsgərov, Rüstəm Ələsgərov, Ramil Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Fuad Axundov Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.”
Mətbuat Xidməti bildirir ki, cinayət işləri üzrə icraat təzələnəndən sonra işgəncəyə və digər qanunsuz əməllərə məruz qalan 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib.
“Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkən kimi tanınan şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib. Əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılan, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunan şəxslərlə bağlı prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya qaytarılması üçün Baş Prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib,” məlumatda qeyd edilir.
Bununla yanaşı, Mətbuat Xidməti bildirir ki, Elçin Quliyev barəsində dövlətə xəyanət ittihamı ilə aparılan cinayət təqibinə öldüyünə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilən 19 dekabr 2017-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan Baş Prokuror tərəfindən ləğv edilib və onunla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarın qəbul edilməsi təmin ediləcəkdir.
Prokurorluğun məlumatında həbs edilənlərin hansı vəzifə daşıdıqları barədə məlumat verilmir. Eyni zamanda həbs edilən şəxslərin yaxınları və vəkilləri hələ açılqama verməyib.
“Tərtər işi” barədə qısa məlumat
Xatırladaq ki, son illərdə “Tərtər işi” ilə bağlı öldürülən, işgəncələrə məruz qalındığı iddia edilən, həbs edilən şəxslərin yaxınları istintaqın yekunlarına və məhkəmə hökmlərinə etiraz olaraq rəsmi qurumların binaları qarşısında çoxsaylı aksiyalar keçirib. Hüquq müdafiəçiləri, müxalif siyasi partiyalar hüquq mühafizə orqanlarını və hökuməti obyektiv araşdırma aparmağa çağıran bəyanatlarla çıxış edib.
2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayıb. Onlar Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini bildirib. Birgə açıqlamada qeyd edilib ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.
Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmə zaman işgəncə nəticəsində vəfat etdiyi ilə bağlı iddialar yayılıb. Baş Prokurorluq həmin iddiaların yer aldığı bəzi saytların rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq edib.
Rəsmi qurumlar bu prosesdə nə qədər şəxsin həbs edildiyi, onlardan ölən olub-olmadığı və məhkəmə qərarları ilə bağlı hər hansı açıqlama verməyib.
Məhkəmə prosesləri də əsasən, qapalı keçirilib.
2021-ci il iyunun 26-da Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış edib.
Sənəd müəllifləri "Tərtər işi"ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmanın zəruriliyini bildiriblər. Belə ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib.
"Parlament Assambleyası Azərbaycanda işgəncələrə və qeyri-insani rəftara dair məlumatların sayının artmasından narahatdır. Məsələn, 2017-ci ildə Azərbaycanın cəbhə bölgələrindən olan 1000-dən çox hərbçi və mülki şəxs casusluqda və dövlət xəyanətində şübhəli bilinərək saxlanılıb. Onların barəsində 200-dən çox cinayət işi açılıb, onların çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. 2017-ci il mayın 1-dən 17-dək işgəncələr nəticəsində 11 nəfər ölüb.
25 nəfər işgəncə altında dindirmə zamanı əldə edilmiş məlumatlar əsasında dövlətə xəyanətə görə mühakimə olunub və yeddi ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İşgəncə altında qətlə yetirilmiş 11 nəfərdən 5-i ölümündən sonra bəraət alıb. Azərbaycan hakimiyyəti guya işgəncələrə və qeyri-insani rəftara məruz qalmış 135 nəfərdən yalnız 102-ni zərərçəkmiş kimi tanıyıb. Lakin heç kim dəyən zərərə görə kompensasiya almayıb," sənəddə deyilir.
Nəhayət, bu il noyabrın 1-də Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev bildirib ki, “Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib.
Hüquq müdafiəçisi: Prokurorluq hərtərəfli araşdırma aparır
Hüquq Müdafiəçisi Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində bildirib ki, prokurorluğun bu gün yaydığı məlumatı və bir gün öncə həmin hadisələr zamanı işgəncə nəticəsində öldürülmüş Elçin Quliyevlə bağlı çıxardığı qərarı müsbət qiymətləndirir.
“Hesab edirik ki, bu işin tam və obyektiv araşdırlması üçün bu gün yayılan məlumata böyük ehtiyac var idi. Bu təkcə şəxlərin həbsi ilə bağlı deyil, həm də digər məqamlarla bağlı idi. Haqlı olaraq ittihamlar 293-cü maddə ilə (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza) iərli sürülüb. Bizim əvvəlki cinayət işi ilə bağlı iradlarımız var idi ki, həmin işdə itthihamlar daha yüngül və adekvat olmayan maddələrlə irəli sürülmüşdü. Daha bir məqam odur ki, 16 nəfər barədə əvvəlki məhkəmə qərarları ləğv edilir. Düzdür bunlar dövlətə xəyanət ittihamları deyil, amma bu ittihamlar insanları daha çox həbsdə saxlamaq üçün irəli sürülən növbətçi ittihamların üzərində qurulmuş qərarlardır.”
Hüquq müdafiəçisi hesab edir ki, prokurorluğun mühüm qərarlarından biri də əlavə olaraq 163 nəfəri zərərçəkmiş qismində tanımasıdır.
"Bu onu göstərir ki, prokurorluq zərərçəkmişlərin sayınınn artmasından çəkinmir. Həmçinin prokurorluq prosesin davam etdiyini bildirir. Bu isə göstərir ki, 163 nəfər də son hədd deyil. Bu həm də onu göstərir ki, prokurorluq hərtərəfli araşdırma aparır,” Cəfərov Amerikanın Səsinə bildirib.