Accessibility links

Mehman Əliyev: Bu qanun bütün informasiya cəmiyyətinə qarşı işləyəcək


Mehman Əliyev

Prezident İlham Əliyev fevralın 8-də “Media haqqında” qanunu təsdiqləyib.

Fərman “Media haqqında” Azərbaycan Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədədir.

Sənədə əsasən Nazirlər Kabineti Azərbaycan Medianın İnkişafı Agentliyinin və Audiovizual Şurasının yaradılması ilə əlaqədar normativ-hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini dövlət başçısına təqdim etməlidir.

Jurnalistlər "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib
Jurnalistlər "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib

Media ekspertləri, bir çox jurnalist, beynəlxalq qurumlar qanunun qəbulunu tənqid edib və söz azadlığının məhdudlaşdırlmasına yönəldiyini bildirib.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, bu qanun tək jurnalistlərə qarşı deyil, bütün informasiya cəmiyyətinə qarşı işləyəcək.

Mehman Əliyev : Bu qanun bütün informasiya cəmiyyətinə qarşı işləyəcək
please wait

No media source currently available

0:00 0:03:09 0:00

“Bu qanun bütün informasiya cəmiyyətinə qarşı işləyəcək. Yəni hər bir vətəndaş, informasiya istehsal eləyən vətəndaş bu qanunun təsiri altına düşür və bunu KİV qanunu kimi təqdim eləmək böyük bir səhvdir. Ona görə də burada hakimiyyətin əsas məqsədi informasiya cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmaqdır. Bu da onunla bağlıdır ki, şəffaflığın qabağını almaq, korrupsiya ilə bağlı demək olar ki, cəmiyyətdə gedən danışıqlar, araşdırmalar və s bunların qabağını almaqdır. Hökümətin pis idarəetmə sistemini ifşa eləyən müxtəlif tədqiqatlar, faktların qabağını almaqdır. Əslində hakimiyyətin məqsədi birdir. Öz hakimiyyətini gücləndirmək, müdafiə eləmək və cəmiyyəti təzyiq altına saxlamaqdır."

Ekspert deyir ki, yeni qanunun tətbiqi ölkədə media və ifadə azadlığına təsir edəcək.

“Əlbəttə, xeyli məhdudlaşdırılacaq. Yəni ilkin mərhələdə. Çünki cəmiyyət hələ buna hazır deyil. İlkin mərhələdə hakimiyyət müəyyən nəaliyyətlərə nail ola bilir. Amma getdikcə cəmiyyət əlbəttə ki, alternativləri axtaracaq. Mən hesab edirəm ki, tendensiyalar bunu göstərir ki, yeni texnologiyalar gəlir, əslində hakimiyyət onları hesablamır. Bu yeni texnologiyalar və cəmiyyətin istəyi ilə birləşərək yeni bir tendensiyalar və situasiyalar yaradacaq. Yəni hakimiyyət üçün kifayət qədər çətin olacaq bu prosesdə informasiya cəmiyyətinə qalıb gəlmək.”

“Media haqqında” yeni qanun

2021-ci il dekabrın 30-da Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib.

Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Sənəd 9 fəsil 78 maddədən ibarətdir.

Azərbaycan parlamenti
Azərbaycan parlamenti

Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.

Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı "Media haqqında" qanunu yenidən baxılmaq üçün geri qaytarmağa çağırıb

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda onu Milli Məclisin qəbul etdiyi "Media haqqında" qanunu yenidən baxılmaq üçün geri qaytarmağa çağırıb.

Dunya Miyatoviç
Dunya Miyatoviç

Komissar məktubunda "Media haqqında" yeni qanunun geniş və məzmunlu məsləhətləşmələr aparılmadan qəbul edilməsi ilə bağlı ciddi narahatlığını dilə gətirib.

“Yeni qəbul edilmiş qanun ölkədə ifadə azadlığı və media azadlığının vəziyyətini daha da pisləşdirir, media sektorunu tənzimləmək üçün dövlət qurumlarına xüsusi səlahiyyətlər verir ki, buraya lisenziyalaşdırma, jurnalistlərin işini həddən artıq məhdudlaşdırma, media şirkətləri və qurumlarının maliyyə, hüquqi və operativ fəaliyyətinə bəzi məhdudiyyətlər daxildir,” məktubda deyilir.

Miyatoviç qanunvericiliyin söz və media azadlığı sahəsində beynəlxalq standartlara və Avropa standartlarına uyğunlaşdırılması zərurətini vurğulayır.

Rəsmi Bakı tənqidləri qəbul etmir

Azərbaycan rəsmiləri hesab edir ki, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etməyəcək.

Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir.

Milli Məclisin deputatı, iqtidarda olan “Yeni Azərbaycan” Pariyasının üzvü Aydın Mirzəzadə bir qədər əvvəl Amerikanın Səsinə deyib ki, “Media haqqında” yeni qanun geniş ictimai müzakirədən keçib, müxtəlif media nümayəndələri qanunun təkmilləşdirilməsinə öz töhfəsini verib.

“Hesab edirəm ki, qanun ümumən media-dövlət, media-cəmiyyət münasibətlərini tənzimləyəcək. Yəni, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etmir,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG