Accessibility links

Teymur Musayev: Omikronla bağlı məhdudlaşdırıcı addımların atılmasına zərurət yoxdur


Teymur Musayev
Teymur Musayev

"Son günlər COVİD-19 virusuna yoluxma kəskin artır."

Bu barədə Səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə bildirib.

Nazir bildirib ki, ölkədə koronavirusa yoluxmanını artmasının səbəbi hazırda mövcud olan "Omikron” ştamıdır.

Teymur Musayev buna baxmayaraq ölkədə koranavirusla bağlı vəziyyətin idarəolunan, tam nəzarət altında olduğunu deyib.

Nazirin sözlərinə görə, "Omikron"la bərabər hələ də "Delta" ştamına yoluxmalar da mövcuddur.

O qeyd edib ki, hazırda pandemiya ilə əlaqəli istifadədə olan ümumi çarpayı fondunun 20%-i, reanimasiya üzrə isə bu göstərici cəmi 1 % təşkil edir/

“Hazırda "Omikron"la bağlı məhdudlaşdırıcı addımların atılmasına zərurət yoxdur. Hər hansı qərar, xüsusi karantin rejiminin sərtləşdirilməsi, yoluxanların sayı, hospitalizasiya dinamikasına əsaslanır.“

Nazir xatırladıb ki, fevralın 15-dən sonra iki doza vaksin alan və vaksinlərin vurulmasından 6 ay keçən şəxslərin peyvənd sertifikatları etibarsız sayılacaq.

"Bunu əsas tutaraq hər bir vətəndaşı buster dozanı qəbul etməyə səsləyirəm. Kim iki doza qəbul edibsə immun sistemlərini gücləndirmək üçün buster dozanı vurdurmalıdır."

Teymur Musayev Azərbaycanda koronavirusa görə peyvənd olunan yeniyetmələrin sayını açıqlayıb.

"Bu günə olan statistikaya əsasən, 601 yeniyetmə vaksinasiyadan keçib. Onlarda heç bir fəsad müşahidə edilməyib."

Bundan əlavə nazir qeyd edib ki, ölkədə koronavirusla bağlı vaksin ehtiyatı kifayət qədərdir.

Nazir həmçinin deyib ki, Səhiyyə Nazirliyinin nəzdində vahid səhiyyə çağrı mərkəzi yaradılacaq.

Onun sözlərinə görə, hər bir vətəndaş həmin Mərkəzə müraciət edərək tiblə bağlı istənilən sorğunu ünvanlaya biləcək.

“Bununla da vətəndaşların problemlərinin həllinə və sorğusunun operativ şəkildə cavablandırılmasına nail olacağıq."

Xatırlatma

Mütəxəssislər koronavirus xəstələrinin sayının kəskin artmasını omikron ştamının yayılması ilə əlaqəndirir.

Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 218 min 555, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 248 min 382, ikinci mərhələ üzrə 4 milyon 752 min 395, vurulan “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 217 min 781-dir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG