Britaniya şahzadəsi Çarlzın COVID-19 testi müsbət çıxdığı üçün özünü təcrid etdiyi bildirilib.
Rəsmi tvitter səhifəsində Çarlzın cümə axşamı səhər testinin müsbət çıxdığı və İngiltərənin Vinçester şəhərinə planlaşdırılan səfəri təxirə salındığı üçün "dərindən məyus" olduğu deyilib.
73 yaşlı Çarlz çərşənbə günü axşam Londonun Britaniya Muzeyində keçirilən böyük ziyafət zamanı onlarla insanla görüşüb. Onu həyat yoldaşı Kamilla müşayiət edib. O, digərləri ilə yanaşı Britaniyanın maliyyə naziri Rişi Sunakla da yaxından görüşüb.
Çarlzın ofisi "Clarence House" onun üç dəfə peyvənd olunduğunu təsdiqləyib.
Şahzadə Çarlzın vəziyyətinin necə olduğu və bu yaxınlarda anası Kraliça II Elizabetlə görüşüb-görüşmədiyi barədə məlumat verilməyib.
Bazar günü 95 yaşını qeyd edən kraliçanın doğum günü mərasimində Çarlz kral olduqdan sonra onun həyat yoldaşı Kamillanın kraliça kimi tanınmasını arzuladığını ifadə edib.
Kamilla Londonda Cinsi Təcavüz Müraciət Mərkəzinə baş çəkməklə, cümə axşamına planlaşdırdığı işlərini davam etdirib.
Çarlz 2020-ci ilin martında, pandemiyanın ilk dalğası zamanı da koronavirusa yoluxmuşdu. O zaman rəsmlər onda COVID-19 simptomlarının yüngül olduğunu bildirmişdi. Çarlz və Kamilla həmin vaxt Kraliça II Elizabetin Şotlandiyadakı Balmoral malikanəsində təcrid olunmuşdular.
İspaniya kralı 54 yaşlı Felipe VI və Danimarka kraliçası 81 yaşlı II Marqret də bu həftə koronavirusa yoluxub.