Accessibility links

Omikron variantı Honq Konqda COVID-19-un  beşinci dalğasına səbəb olub -Məhdudiyyətlər bərpa edilib


Koronavirusun omikron variantı son həftələr Honq Konqda COVID-19-un beşinci dalğasına səbəb olub və cümə axşamı şəhərin baş icraçı direktoru Kerri Lam tərəfindən yeni məhdudiyyətlər tətbiq edilib.

İctimai yığıncaqlar iki nəfər, şəxsi toplantılar isə iki ailə ilə məhdudlaşır.

Bazar ertəsi Honq Konqda gündəlik yoluxma səviyyəsi rekord həddə - 614-ə çatıb. Çərşənbə günü 1161, cümə axşamı isə 986 yeni yoluxma halı qeydə alınıb.

Mütəxəssislər omikronun həddindən artıq sürətlə yayılmasının dünyada insanların ən sıx məskunlaşdığı, bir kvadrat kilometrdə 6500-dən çox insanın yaşadığı belə bir yerdə daha da artacağını proqnozlaşdırır.

Honq Konq Universitetinin professoru, doktor David Ovens son rekord sayda yoluxma halları ilə bağlı vəziyyətin daha da pisləşəcəyini deyib.

“Bu, yalnız başlanğıcdır. Düşünürəm ki, növbəti bir neçə həftə ərzində çox ehtimal ki, yoluxmalarda artım görəcəyik. Növbəti üç-dörd ay ərzində Honq Konqda ciddi bir epidemiyanın baş verəcəyini gözləyirəm“ - deyə, o bildirib.

Lam bu həftə Honq Konq sakinlərindən qarşıdan gələn həftələrdə qapalı yerlərə daxil olmaq üçün COVID-19 peyvəndinin sübutuna ehtiyac duyulacağını bəyan edib.

Fevralın 24-dən etibarən sakinlərdən ticarət mərkəzlərinə, supermarketlərə və dini məkanlara daxil olmaq üçün “peyvənd kartı” göstərmələri tələb olunacaq.

“Peyvənd kartı” həmçinin yanvar ayından bağlı olan idman zallarına, barlara, əyləncə məkanlarına və gözəllik salonlarına daxil olmaq üçün gərək olacaq. Restoranda və ya hər hansı bir yerdə yemək üçün peyvəndin azı 1 dozasının vacib olduğu bildirilib.

İctimai terlərdə maska taxmaq məcburidir. Sosial məsafə qaydalarını pozmağa görə cərimələr iki dəfə artırılaraq və 1283 dollara çatacaq.

XS
SM
MD
LG