Accessibility links

DMX: 42 nəfər Almaniya və Avstriyadan Azərbaycana deportasiya olunub


deportasiya
deportasiya

Fevralın 15-də Avropa ölkələrindən 42 nəfər Azərbaycana deportasiya olunub.

Onların 39 nəfəri Almaniyadan, 3 nəfəri Avstriyadan olub.

Bu barədə Dövlət Miqrasiya Xidməti fevralın 16-da məlumat yayıb.

Almaniyadan Azərbaycana ötən ilin noyabrın 26-da 43 nəfər deportasiya edilib.

Deportasiya olunanlardan siyasi fəallar Malik Rzayevə və Mütəllim Orucova Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.

Onlara bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

“Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş 2014-cü ilin fevralında imzalanıb. Bundan sonra 2016-cı ilin dekabrında Azərbaycanda readmissiya edilmiş şəxslərin üzləşdikləri çətinlik və problemlərin operativ həlli, cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkili məqsədi ilə Reinteqrasiya İşçi Qrupu yaradılıb.

Azərbaycan Miqrasiya Xidmətindən readmissiya olunan fəalların həbsi ilə bağlı şərh almaq mümkün olmasa da Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il 420 şəxs Azərbaycana readmissiya olunub və onların cəmiyyətə reinteqrasiyası məqsədi ilə lazımi tədbirlər görülüb.

Nemət Kərimli həbsdə olan Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyevin vəkilidir. Mütəllim Orucov, Malik Rzayev 2021-ci il iyunun 1-də, Cəfər Mirzəyev isə 2021-ci il noyabrın 24-də Almaniyadan deportasiya olunub.

Kərimlıinin sözlərinə görə, müdafiə etdiyi şəxslər readmissiya olunduqdan sonra pandemiya səbəbindən karantin məqsədi ilə Bakıda Atletlər Kəndinə yerləşdirilib və mülki keyimli şəxslər tərəfindən sorğu-sual edilib, Almaniyadakı fəaliyyətləri barədə soruşulub.

Hüquq müdafiəçisi Zaur Əkbər Amerikanın Səsinə deyib ki, Azərbaycan hökuməti readmissiya haqqında sazişdəki öhdəliklərini yerinə yetirsə də, bir sıra hallarda sui-istifadə edir.

Hüquq müdafiəçisi hesab edir ki, readmissiya olunan şəxslərin həbsi ilə bağlı Avropa İttifaqı və xüsusilə Almaniya hökuməti münasibət bildirməlidir.

Vahid Kərimov həbsdə olan Pünhan Kərimlinin atasıdır. O, Amerikanın Səsinə oğlunun narkoman olmadığını və sifarişlə həbs edildiyini bildirib. Kərimov oğlunun Berlindəki Azərbaycan Səfirliyinin qarşısında Bakıda polisin 2020-ci ilin iyununda insanlara qarşı zorakı hərəkətinin pislənməsi məqsədi ilə keçirilən aksiyanın aparıcısı olduğunu bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə deyib ki, ittihamlarla və işgəncələrlə bağlı deyilənlər əsassızdır. Onun fikrincə, iddialar gözləniləndir, özünü müdafiə məqdədi ilə səsləndirilir.

“Bu iddialar əsassızdır, həqiqəti əks etdirmir. Polis tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin keçirilməsi diqqət mərkəzindədir. Burada cəzanın labüdlüyü prinsipi təmin olunur,” o qeyd edib.

Bu arada Almaniyadan readmssiya olunan şəxslərin həbsi ilə bağlı Almaniyanın Azərbaycandakı Səfirliyi Amerikanın Səsinin müxbirinin sualına hələ cavab verməyib.

XS
SM
MD
LG