Accessibility links

Elşad Hacıyev: Hər bir halda hüquqazidd əməl qəbuledilməzdir


Elshad Haciyev
Elshad Haciyev

“Hər bir halda hüquqazidd əməl qəbuledilməzdir. O cümlədən jurnalistlərə qarşı xüsusilə Fatimə Mövlamlıya qarşı nəzakətsiz davranışına görə həmin polis əməkdaşları tutduğu vəzifədən kənarlaşdırılıb. ”

Bu barədə Amerikanın Səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərin ə görə, nəinki jurnalist, heç bir vətəndaşa belə hər hansı bir hüquqa zidd əməl törədilməsi qəbul edilməzdir.

“Bununla bağlı orada yaranan xoşagələməz halla bağlı inzibati tənbeh tədbiri görülüb ki, nəticə də bəllidir.

“Sərhədsiz reportyorlar" Prezident Administrasiyasının qarşısında keçirdiyi etiraz aksiyasını işıqlandıran reportyor Fatimə Mövlamlı və “Azel” TV saytının həbsdə olan redaktorunun xanımı Sevinc Sadıqovanın polis tərəfindən saxlanılmasını araşdırmağa çağırıb.

Bu barədə Təşkilatın twitterindəki hesabında deyilir.

"RSF polisin bu şokedici davranışı ilə bağlı şəffaf və sürətli araşdırmaya çağırır" , bəyanatda deyilir.

Fevralın 15-də Azərbaycan Prezident aparatının qarşısında aksiyanı işıqlandıran Azadlıq qəzetinin əməkdaşı Fatimə Mövlamlı, müstəqil veb site olan Azel TV –nin əməkdaşı Sevinc Sadıqova və Kanal 13-un əməkdaşı Teymur Kerimov saxlanılıb.

Teymur Kerimov Facebook səhifəsində aksiyanı işıqlandırarkən polis tərəfindən saxlanıldığını göstərib. Polis onun canlı yayım çəkiliş aparmasına mane olub.

Sevinc Sadıqova hazırda həbsdə olan jurnalist Əfqan Sadıqovun həyat yoldaşıdır.

Jurnalist Sevinc Sadıqova Amerikanın Səsinə bildirib ki, o və həmkarı Fatimə Mövlamlı 4 saat saxlanıldıqdan sonra sərbəst buraxılıb.

''Bizi saxlayan zaman təhqir etdilər və döydülər. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə və oradan da Bakı şəhər Baş Polis İdarəsinə apardılar. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərov bizimlə söhbət aparandan sonra sərbəst buraxdılar. Yeni media qanununa görə, məni həbs edə və cərimə edə bilərsinizsə buyurun, amma bu məni susdura bilməz"- deyə, o qeyd edib.

Sadıqova deyir ki, polisin bu hərəkətindən şikayət veriləcək.

Öz növbəsində Fatimə Mövlamlı da Sadıqovanın dediklərini təsdiq edib. Fevralın 15-də o, döyülməsi və söyülməsi barədə Facebook səhifəsində paylaşım edib.

Bununla belə əynindəki gödəkçənin cırılmış fotosunu paylaşıb.

Reportyor Fatimə Mövlamlı deyir ki, bu işlə bağlı məhkəməyə müraciət ediləcək.

“Bizim şikayət yazılır. Məhkəmədə yəqin ki, vəkil kimi Nemət Kərimli təmsil edər. Biz şikayəti birbaşa Azərbaycan Baş Prokurorluğuna göndərəcəyik” , o, Amerikanın Səsinə deyib.

Media hüquqları üzrə ekspert Xalid Ağaliyev Amerikanın Səsinə bildirib ki, jurnalistlərin adi vətəndaşdan fərqli olaraq, xüsusi qorumaları da var.

“Onların peşə fəaliyyətinə müdaxilə edənlər cinayət məsuliyyəti daşıyırlar. Son hadisədə 2 jurnalistə qarşı yol verilən əməllər belə məsuliyyət doğurur. Bu hadisəni ən qısa zamanda araşdırmaq, günahkarları cəzalandırmaq hökumətin həm milli qanunvericliklə, həm də beynəlxalq müqavilələrlə öhdəliyidir. Belə hadisələri “elə bir hadisə baş verməyib” deməklə təkzib etmək kifayət etmir. Jurnalistlər iddia edirlər ki, rəsmi qurumda, polis bölməsində zorakı münasibətə məruz qalıblar. Belə qurumaların hamısı müşahidə kameraları ilə izlənilir. Təkzib açıqlamalarını hadisənin baş verdiyi məkanın uyğun zamandakı video görüntüləri də müşayiət etməlidir" - deyə, o əlavə edib.

Hüquq müdafiəçisi Anar Məmmədli isə bildirir ki, reportyorların döyülməsi, onların kameraları əllərindən alınması peşə fəaliyyətinə müdaxilə edilməsi zorakılıq hadisəsidir.

“Mən çox təəssüflə qeyd etmək istərdim ki, həmin olayda yeni qəbul edilmiş Media qanuna istinad edirlər. Guya bu şəxslər jurnalist deyillər. Yəni istənilən şəxs fərq etməz sıravi insan da hər hansı mitinqi, piketi ümumiyyətlə ictimai xarakterli məsələni ictimaiyyətin gözü qarşısında baş verən hadisəni video kamera ilə çəkilişini apara bilər. Bunun şəklini çəkə bilər. Buna görə polisin müdaxiləsi yolverilməzdir."

Anar Məmmədli Azərbaycanda son dövlər belə olayların çoxaldığını qeyd edir.

"Dərhal bu məsələlərə siyasi qiymət verilməlidir. Məsələ hüquqi müstəvidə də araşdırılmır. Bunu Tofiq Yaqublu olayında da gördük. Hakimiyyət bu cür zorakılıq olaylarının qarşısının alınması ilə bağlı siyasi addım atmalıdır. Əgər addım atılmırsa, belə görünür ki, bu hakimiyyət tərəfindən müdafiə olunur və hakimiyyətin yürütdüyü siyasi xəttin bir parçasıdır ki, jurnalistləri və digər şəxsləri belə durumlarda aksiyalar zamanı onları fiziki zorakılığa məruz qoymaq, onları sıxışdırmaq , adamları informasiyadan bir növ məhrum qoymaqdı. Yəni düşünürəm ki, hökümət yaxın zamanlarda bu məsələlərə cavab verməlidir" hüquq müdafiəçisi əlavə edib.

“Azərbaycan hakimiyyəti aksiyanı işıqlandırarkən saxlanılan üç jurnalistə qarşı polisin zorakılığı ilə bağlı iddiaları araşdırmalı və bütün mətbuat mənsublarının sərbəst işləməsinə icazə verməlidir”.

Bu barədə Jurnalistləri Müdafiə Komitəsinin məlumatında deyilir.

“Azərbaycan hakimiyyəti jurnalistlər Fatimə Mövlamlı, Sevinc Sadıqova və Teymur Kərimovla polisin kobud rəftarına dair iddiaları tam araşdırmalı və belə hadisələrin təkrarlanmaması üçün etibarlı addımlar atmalıdır. Hökumətyönlü və tənqidi nəşrlərin jurnalistləri özbaşına həbsdən və polis zorakılığından qorxmadan nümayişləri işıqlandırmaqda azad olmalıdırlar”.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG