Accessibility links

Azərbaycanda 2 milyon 533 min 318 nəfər üç və daha çox doza vaksin vurdurub


Azərbaycanda koronavirusa yoluxanların sayı son gündə min nəfərə qədər azalıb.

Bu gün, fevralınn 20-də yeni növ koronavirus (COVID-19) infeksiyasına 2685 yoluxma faktı qeydə alınıb, 6558 nəfər müalicə olunaraq sağalıb. Dünən yoluxanların sayı 3690 nəfər olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 774 min 394 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 734 min 386 nəfər müalicə olunaraq sağalıb, 9 min 235 nəfər vəfat edib. Aktiv xəstə sayı 30 min 773 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 629, bu günə qədər isə ümumilikdə 6 milyon 485 min 357 test icra olunub.

Müşahidəçilər hesab edir ki, mövcud statistika reallığı əks etdirmir. Belə ki, ölkədə omikron ştamı daha geniş əhatədə yayılıb. Ancaq bu ştama yoluxanlarda yüksək temperatur müşahidə edilmir və Azərbaycanda Təcili Tibbi Yardım xidməti yalnız temperaturu 38-dən yüksək olan xəstələrdən COVİD-19 testi götürür.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 787 min 590, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 285 min 327, ikinci mərhələ üzrə 4 milyon 774 min 963, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 533 min 318, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 193 min 982-dir.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Bu il fevralın 15-dən isə buster doza vaksin vurdurmayan insanlar ictimai-iaşə müəssisələrinə, ticarət mərkəzlərinə, iş yerlərinə buraxılmır.

XS
SM
MD
LG