Accessibility links

Məhkəmə Tofiq Yaqublunun Səbail Rayon Prokurorluğuna qarşı şikayətinə baxacaq


Tofiq Yaqublu
Tofiq Yaqublu

Bakının Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun prokurorluğun onun polis tərəfindən döyülməsi faktı üzrə cinayət işi açmaqdan imtinası ilə bağlı şikayətinə baxış başlayıb.

Tofiq Yaqublu Amerikanın Səsinə deyib ki, Səbail Rayon Prokurorluğunun gəldiyi nəticəyə görə o, özü-özünə xəsarət yetirib.

Tofiq Yaqublu prokurorluğun dediklərini haqlı saymır. O hesab edir ki, onun döyülməsi siyasi fəaliyyəti ilə bağlıdır.

Bu gün müdafiə tərəfi xəsarətlərlə bağlı rəy vermiş məhkəmət-tibb ekspertinin prosesə çağırılması və dinlənilməsi barədə vəsatət qaldırıb.

İkinci vəsatət prokurorluğun öz qərarında polis bölməsindəki videomüşahidə kamerlarının qeydləri qalmadığı üçün onlara baxmağın qeyri-mümkün olduğunu iddia etməsi ilə bağlı idi. Müdafiə tərəfi bunun necə ola biləcəyini izah etmək üçün polis nümayəndəsinin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb.

Məhkəmə isə məhkəmə-tibb ekspertinin məhkəməyə çağırılması haqqında vəsatəti təmin edib. İkinci vəsatətə martın 10-da keçiriləcək növbəti iclasda baxılacaq.

Tofiq Yaqublunun saxlanılması və döyülməsi

Tofiq Yaqublu ötən ilin dekabrın 1-də Bakıda Fəvvarələr meydanında həmin vaxt həbsdə aclıq edən Saleh Rüstəmova dəstək aksiyasında polislər tərəfindən saxlanılıb. Həmin gün axşam saatlarında Ələt qəsəbəsində (Bakıdan 60 kilometr qərb) tapılan Yaqublunun üzərində ciddi xəsarət izləri olub. Yaqublu bildirir ki, onu polislər döyüb.

Daxili İşlər naziri nə deyir?

Daxili İşlər naziri Vilayət Eyvazov Yaqublunu polislərin döyməsini istisna edib.

Nazirlə görüşdən sonra bu haqda açıqlama verən hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, onlar Yaqublunun döyülməsi məsələsini müzakirə edəndə Eyvazov bunları deyib:

"Bildirdi ki, aksiyada saxlanılarkən və maşına mindirilərkən müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti yoxdur. Nazir dedi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək. Soruşduq ki, o zaman niyə bu hadisə ilə bağlı cinayət işi başlanmır? Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın. Əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq".

Tofiq Yaqubluya təzyiqlər

Tofiq Yaqublu bundan öncə müxtəlif ittihamlarla bir neçə dəfə həbsdə olub. O, siyasi sifarişlə həbs edildiyini dəfələrlə deyib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi sifarişli həbslərin olması ilə bağlı deyilənləri təkzib edir.

XS
SM
MD
LG