Accessibility links

Azərbaycanda reportyor öldürülüb


Əvəz Hafizli

Azərbaycanda reportyor, LGBTQ+ fəalı Əvəz Hafizli qətlə yetirilib.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri baş vermiş qətl haqda birgə məlumat yayıb.

Məlumatda deyilir ki, fevralın 22-i saat yerli vaxtla saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.

Məlumatda deyilir ki, 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib.

“İlkin araşdırmalara əsasən Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib,” məlumatda bildirilir.

Amma bu açıqlamaya hələlik Güləliyev və vəkilindən münasibət almaq mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Güləliyev istintaqa təhvil verilib.

Əvəz Hafizli bir müddət reportyor kimi fəaliyyət göstərmişdi. O, Azərbaycanda yeni media haqqında qanunla bağlı aksiyada da iştirak edib. Əvəz Hafizli həmçinin LGBTQI+ fəalı olub. O ötən ilin oktyabrın 30-da Hökumət Evinin önündə etiraz aksiyası keçirib. Onun tələbi LGBTQI+ vətəndaşlara qarşı dövlət tərəfindən olunan ayrı-seçkiliyin aradan qaldırılması olub.

Media üzrə ekspert, Şəmşad Ağa deyir ki, Azərbaycan cəmiyyətində bu hadisənin baş verməsi, çox pis bir tendensiyadı.

"İnsanların cinsi orientasiyaya görə ayrı-seçkiliyə məruz qalması bu cəmiyyətin münasibətinin ifadəsidir. Bu, Azərbaycan jurnalistikası üçün ağır bir hadisədir, Azərbaycan cəmiyyəti üçün də", o qeyd edib.

Şəmşad Ağa deyir ki, məlumata görə, Əvəz Hafizli qohumları tərəfindən təhdid və təqib olunduğunu bildirirdi.

"Hökümət, hüquq-mühafizə bu məsələlərdə daha operativ olmalıdırlar. Sosial şəbəkələrdə hər hansı yazılmış bir şərhə görə operativ tədbir görən hüquq-mühafizə orqanlarında əgər belə bir məlumat var idisə bu qətlin qarşısını alması üçün addımlar atmalı idilər. Yeri gəlmişkən, Əvəz Hafizli dövlət qurumları üçün də , xüsusən də hüquq-mühafizə orqanları üçün də arzu olunan bir jurnalist, reportyor deyil idi. O dəfələrlə aksiyalarda iştirak eləmişdi. Eyni zamanda, Prokurorluğun qarşısında özünü zəncirləməsi aksiyası gündəmin ən aktual hadisəsinə çevrilmişdi. Bilmirəm burada belə mövzularda ayrı-seçkiliyin olması çox pis haldır. Bu kəskin şəkildə qınanmalıdır. Bu üzücü haldır”, o qeyd edib.

Ekspert hesab edir ki, bu məsələ hərtərəfli araşdırılmalıdır.

“Belə hadisələrin qarşısı alınmalıdır ki, Azərbaycan cəmiyyətində insanlar milli, dini, irqi və yaxud sosial ayrı-seçkiliyə, cinsi orientasiyaya görə təqiblərə məruz qalmasın. Gələcəkdə belə hadisələrin baş verməməsi üçün ciddi tədbirlər görülməlidir. Əslində indiyə qədər hökümətin LGBT fərdlərinə qarşı dəfələrlə belə repressiv addımları olub. Eyni zamanda, mühafizəkar bir cəmiyyətdə onlara münasibət normal deyil idi. Ayrı-seçkilik var idi onlara qarşı həm ailələr, həm də cəmiyyətin böyük əksəriyyəti tərəfindən. Mən hesab edirəm ki, bu tip məsələlərə həssaslıqla yanşılmalıdır cəmiyyətin aktiv qismi. Əvəz Hafizlinin ölümü sarsıdıcı hadisədir,” Şəmşad Ağa bildirib.

Öz növbəsində Media Hüquqları üzrə ekspert, hüquqşünas Xalid Ağaliyev Əvəz Hafizlinin öldürülməsinə münasibət bildirib.

"Əvəz Hafizlinin peşəkarlığında media savadlılığı baxımından əlverişsiz, qeyri-verimli mühitimizdən də qaynaqlanan çatışmazlıqlar görmək olardı, ancaq adətən, ictimai maraq dairəsində olan olaylardan, aksiyalardan reportajları ilə tanınırdı. Əmin olmaq olar ki, qeyri-peşə kontekstində, nifrət çıxışlarının uçuşması, pöhrələməsi üçün ölkəmizdə mövcud olan əlverişli mühitin fonunda baş vermis qorxunc olayın günahkarı cəzasını alacaq. Ancaq belə fərdi cəzalar mühiti müalicə etməkdə çox acizdir”, o bildirib.

Xalid Ağaliyev deyib ki, nifrətli çıxışlara görə məsuliyyət müəyyən edən qanunverici normaların aydın olmaması, belə normaların tətbiqindəki problemlər ortadan qaldırılmalıdır.

“Tənqidi məzmunların, səslərin cilovlanması naminə hər həftə bir qanun düşünən, qəbul edən hökumət, əsas səylərini nifrət məzmunlu çıxışlar üçün münbit atmosferin müalicəsinə, qanunların yaxşılaşdırlmasına, mövcud olan qanunların daha effektiv tətbiqinə yönəltməlidir. Yoxsa, belə qorxunc cinayətlərə daha çox şahid olacağıq”, o qeyd edib.

LGBTİ+ insan hüquqları müdafiəçisi Cavid Nəbiyev isə deyir ki, LGBT-lərə qarşı ölkədə baş verən hər bir cinayət siyasidir.

"Nifrət cinayətlətri siyasidir. Ona görə siyasidir ki, heç bir mexanizm yoxdur. Müdafiə mexanizmi yoxdur. Maarifləndirmə mexanizmi yoxdur. Cəmiyyətlə işləmə imkanları yoxdur. Bu imkanların yaradılmamasının səbəbləri də dövlətdir. Və bunun özü özlüyündə istənilən cinayəti siyasi edir”, o bildirib.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycanda ümumilikdə 5 jurnalist öldürülüb. Hazırda 4 jurnalist həbsdədir. Ölkədə beynəlxalq media təşkilatı olan AzadlıqRadiosunun Bakı bürosu 2014-cü ilin dekabrından bağlanıb.

Azərbaycanda hakimiyyət təmsilçiləri vətəndaşların təməl hüquq və azadlıqlarının tam təmin olunduğunu deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG