Ukrayna Ali Radasının Hüquq Siyasəti Komitəsinin əməkdaşı Elxan Nuriyev Amerikanın Səsinə müsahibəsində Ukraynada son hərbi-siyasi durumdan danışıb. O hazırda Ukraynanın paytaxtı Kyiv şəhərində yaşayır.
Nuriyev bildirib ki, çox böyük ərazidə, Polşa, Belarus sərhədlərindən başlayaraq Qara dənizə, Moldova sərhədlərinə qədər olan bir ərazidə, təxminən 3 min kilometr ərazidə müharibə gedir.
O bu gecə Kyivdə atəş səslərinin eşidildiyini bildirib.
“Dnepr çayının sol sahilində döyüşlər gedir. Kyivin qərbində böyük bir aviabaza var, orada döyüşlər gedir. Ukrayna Silahlı Qüvvələri Hostomel şəhərində Rusiyanın 200 nəfər desantını məhv edib. Bu aviabazaya Rusiya 15 helikopterlə hücum etmişdi. Onlardan 3-nü Ukrayna Silahlı Qüvvələri vurdu, qalanları isə Belarusa qayıdıb.”
Nuriyevin sözlərinə görə, hazırda Kyiv küçələrində insanlar azdır, uşaqlar, yaşlı insanlar şəhəri tərk edib.
“Amma, insanlar arasında təşviş, qorxu yoxdur. Hərbi komissarlıqlara minlərlə insan könüllü gələrək silah alır, ərazi müdafiə qərargahlarına qoşulur, partizan hərəkatına hazırlaşırlar.”
Onun fikrincə, Ukraynada insanlar əski sovet xalqı psixologiyasından çıxıb.
“Xalq gözəl bilir ki, azadlığını, demokratiyasını özü qorumalıdır. 2004-cü il “Narıncı inqilab”dan sonra, son 18 ildə Ukraynada yeni milli psixologiya yaranıb. İnsanlar dərk edir ki, azadlıq uğrunda mübarizə aparılmalıdır.”
Bununla yanaşı, Nuriyev hesab edir ki, Putin aqressiyası Ukrayna cəmiyyətini daha da birləşdirib.
“Təbii ki, çətindir. Rusiya Ordusunun sayı çoxdur, hərbi texnikaları kilometrlərlə düzülüb. Amma, Ukrayna cəmiyyətində də bir döyüş əzmi, azadlıq istəyi var. Ölkədə Rusiyaya qarşı müqavimət var və olacaq.”
Ali Radanın əməkdaşı fevralın 24-də Rusiya Ordusunun 800-dək itki verdiyini təxmin edir.
“Düzdür Rusiya tərəfi bunu təsdiq etmir. Rusiyada Ukraynadakı kimi peşəkar ordu yoxdur. Onlar da yarıbayarı çağırışçılardır, geyimləri, təchizatı primitivdir. Amma, rusların sayı, texnikaları, raketləri, zenit qurğuları çoxdur. Ukraynada döyüş əzmi daha çoxdur.”
O hesab edir ki, müharibə davam edəcək.
“Həm də birmənalı olaraq dostlarımız olan Amerika kimi bir dövlət, qərb dövlətləri yanımızdadır. Döyüşməkdən başqa yolumuz yoxdur. Ukrayna xalqı Rusiya imperiyasına qatılmağı qəbul etmir və etməyəcək.”
O, mülki əhali arasında da itkilərin olduğunu deyib.
“Mən deməzdim ki, bunu qəsdən edirlər. Məsələn, Xarkivin yaxınlığında Çuquyev şəhəri var, oradakı hərbi bazanı vurdular, 5 nəfər rəhmətə getdi, biri azyaşlı uşaq idi. Kyivin yaxınlığında, 14-15 kilometrliyində olan Brovari rayon mərkəzini vurmuşdular, orada da mülki əhali arasında itkilər var. Bu gecə, Kyivdə havada vurulan Rusiya təyyarəsinin qalıqları doqquz mərtəbəli binanın üzərinə düşdü, bütün bina yandı, insanlar ziyan çəkdi,” o qeyd edib.