Fevralın 25-i Demokratiya 1918 (D18) Hərəkatı Ukrayna səfirliyinin önündə dəstək aksiyasını keçirib.
Hərəkatın sədri Əhməd Məmmədli aksiyada, "Rusiya Federasiyası Ukraynanın ərazi bütövlüyünə qəsd edərək ona qarşı açıq müharibəyə başladı. Rusiya daim qonşu dövlətlərə qarşı istismarçı və işğalçı mövqeyini nümayiş etdirib. Və bir neçə il əvvəl qardaş və qonşu Gürcüstan torpaqlarını da işğal edib" - deyə, o bildirib.
Daha sonra fəallar "Slava Ukraine" (Yaşa Ukrayna) şuarını səsləndirib. Aksiya insidentsiz başa çatıb. Hələlik, Rusiyanın Azərbaycandaki səfirliklərindən münasibət almaq mümkün olmayıb.
Fevralın 24-də ictimai-siyasi fəallar Elman Quliyev və Orxan Baxışlı (AXCP üzvü) Rusiyanın Bakıdakı Səfirliyinin binası qarşısında bu ölkənin Ukraynaya hərbi təcavüzünə etiraz olaraq aksiya keçirməyə cəhd edib.
Fəallar bildirib ki, Azərbaycan xalqının iradəsi olmadan Rusiya ilə müttəfiqlik haqqında bəyannamə imzalanıb.
Elman Quliyev bildirib ki, hazırda baş verən müharibə aktıdır, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsddir, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Fəallar bəyanatlarını Rusiya Səfirliyinə təqdim etmək istəyərkən polis tərəfindən saxlanılıblar.
Saxlanılan fəalla bağlı Daxili İşlər Nazirliyindən hələ münasibət öyrənmək mümkün olmayıb.
Fevralın 24-də Rusiya Ukraynaya qarşı hücuma başlayıb.
Ordusunu ölkənin cənub bölgəsinə yerləşdirən Rusiya səhər tezdən paytaxt Kyiv də daxil olmaqla, Ukraynanın yarıdan çox şəhərindəki hava hücumundan müdafiə obyektləri və hərbi infrastrukturu hədəf alaraq, raket zərbələri endirib.
Əməliyyat Rusiya Prezidenti Vladimir Putinin televiziya ilə “xüsusi hərbi əməliyyat” kimi təsvir etdiyi açıqlamadan az sonra başlayıb. Lakin Ukrayna liderləri bunu Avropada ikinci ən böyük ölkəyə genişmiqyaslı hərbi müdaxilə adlandırıb.