İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyində dərc olunan məlumata əsasən, fevral ayının 24-də Marağa Həbsxanasında saxlanılan Hüseyn Süleymani adlı bir məhbus "20 dəqiqə müddətində" ağır şəkildə döyülüb.
Həmin xəbərə əsasən, bu məhbus həbsxananın rəisi Əkbəriyan, rəis müavini İqbali, bir neçə əsgər və bir neçə məhbus tərəfindən döyülüb, daha sonra isə bir neçə saat palatanın qarşısındakı dəmir məhəccərələrə qandallanıb. Məhbus bir neçə saat soyuq havada qandallı vəziyyətdə saxlanılıb.
Yayılan məlumata görə, həbsxana məmurlarının bu rəftarlarının səbəbi adı qeyd olunan vətəndaşın həbsxana müavininə qarşı hörmətsizliyi olub.
Hüseyn Süleymaninin təxminən 20 gün əvvəl oğurluq ittihamı ilə həbs edilərək Marağa Həbsxanasına köçürüldüyü bildirilir.
İranın müxtəlif həbsxanalarında məhbuslar pis rəftar, döyülmə və fərqli işgəncələrə məruz qalırlar. Həbsxanalarda baş verən qanun pozuntuları haqda xəbərlər nadir hallarda sızır. Keçən il avqust ayında Evin Həbsxanasının kamera sistemlərinin haker hücumun məruz qalması nəticəsində videoların sızması ilə həmin həbsxanada saxlanılan məhbuslara qarşı pis rəftar və işgəncələrin görüntüləri yayımlanıb.