Accessibility links

İran Azərbaycanında təqaüdçülərin aksiyası davam edir


İranda təqaüdçülər məişət şəraitinə etiraz etməkdə davam edir. Fevralın 27-də növbəti təqaüdçü mitinqləri İran Azərbaycanı daxil olmaqla, İranın müxtəlif bölgələrində təşkil olunub.

Bazar günü təqaüdçülər Tehranda İslami Şura Məclisi (İran Parlamenti), Təbriz, Ərdəbil və Qəzvin kimi vilayət mərkəzlərində isə Sosial Müdafiə Baş İdarələrinin önündə toplaşıblar.

Sosial şəbəkələrdə yayılan videolarda təqaüdçülərin türk və fars dillərində “biz gəlmişik haqq alaq” və “and ola Səttar Xana, biz gələrik Tehrana” kimi şüarlar səsləndirdiyi görünür.

Təqaüdçülər pensiyaların artırılması və maaşların bərabərləşdirilməsini tələb edirlər.

İLNA (Iranian Labour News Agency) agentliyinə istinadən, aksiya keçirən təqaüdçülər tələbləri ilə bağlı qətnamə qəbul ediblər.

“Təqaüdçülər toplumun müxtəlif siniflərinin iqtisadi və məişət çətinliklərinə diqqət çəkərək öz vəziyyətləri ilə əlaqədar tələblərini gündəmə gətiriblər. Onlar əmək haqqının real yaşayış xərclərinə uyğun olaraq müəyyən edilməsi, sığorta hüquqlarının tanınması və maaşların bərabərləşdirilməsi layihəsinin tam tətbiq edilməsi kimi tələblər irəli sürüblər,” agentlik bildirib.

XS
SM
MD
LG