Accessibility links

Xarkovun müdafiəsi, sərhəddə durum, azərbaycanlıların təxliyəsindəki problemlər - jurnalıst Eynulla Fətullayevin dedikləri


Eynulla Fətullayev

“Haqqın.az” saytının redaktoru Eynulla Fətullayev iki gün öncə Xarkov şəhərindən qatarla yola düşüb, Ukraynanın qərb sərhədlərinə gəlib, oradan Moldovanın Kişinyov şəhərinə və nəhayət Rumıniyanın Buxarest şəhərinə çatıb. O, 36 saat yolda olub. Fətullayev bu gün, martın 3-də Buxarest şəhərində olarkən Amerikanın Səsinə müsahibə verib. Jurnalist müsahibəsində Xarkov şəhərindəki döyüşlərdən, yol boyu gördüklərindən, sərhəd-keçid məntəqələrindəki durumdan və Ukraynada yaşayan azərbaycanlıların təxliyəsi ilə bağlı problemlərdən danışıb.

“Biz srağagün, martın 1-də axşam saatlarında Xarkov şəhərini tərk etməli olduq. Çünki orada vəziyyət həqiqətən dözülməz idi. Yəni reportyor fəaliyyəti üçün imkanlar tam məhdudlaşmışdı. Rusiya qoşunları sutkada 24 saat ərzində Xarkov şəhərini fasiləsiz bombardman edir. Bütün növ zenit-raket komplekslərindən və artilleriya vasitələrindən Xarkov şəhərini atəşə tuturlar. Həm də şəhərdə ara-sıra Rusiya diversantları peyda olur. Düzdür onlar Ukrayna hərbi qüvvələri tərəfindən məhv edilir. Şəhərdə küçə döyüşləri də var, artilleriya-raket hücumları da var,” o qeyd edib.

Jurnalıst Eynulla Fətullayev Xarkovun müdafiəsindən, sərhəddə durumdan və azərbaycanlıların təxliyyəsindən danışıb
please wait

No media source currently available

0:00 0:10:18 0:00

Fətullayevin dediyinə görə, Xarkov şəhərində xeyli dağıntılar var, küçələrdə meyitlər səpələnib, çox kritik vəziyyət yaranıb.

“Buna baxmayaraq, tam əminliklə deyə bilərəm ki, Ukrayna Ordusu böyük qəhrəmanlıq nümayiş etdirir, dəmir sipər kimi şəhərin girəcəyində dayanır. Artıq Rusiya qoşunları anlayır ki, küçə döyüşləri ilə şəhəri fəth edə bilməyəcəklər. Çünki qarşılarında peşəkar, həm də əzmkar və yüksək vətənpərvər ordu, eyni ilə də silaha sarılmış xalq dayanır. Xarkov şəhərində bütün könüllülərə silahlar paylanılıb və onlar sonadək mübarizə aparacağını bildirirlər.”

Onun sözlərinə görə, Xarkovda yüzlərlə insan həlak olub, minlərlə yaralı var.

Jurnalist bildirib ki, Xarkovu Türkiyə konsullyğunun təşkil etdiyi xüsusi ploblanmış qatarla tərk edib.

“Bu qatar Xarkovda olan Türkiyə vətəndaşları, tələbələr və iş adamları üçün nəzərdə tutulmuşdu. Amma Türkiyə hökuməti göstəriş vermişdi ki, azərbaycanlıları və türkmənləri də həmin qatarla şəhərdən çıxarmaq olar. Yolu çox böyük əziyyətlə qət etdik. Çünki qatarın hər kupesində 10-15 nəfər toplaşmışdı, hətta vaqonların dəhlizləri də insanlarla dolu idi. Bu bir yana, hətta dəmir yolu vağzalını da Qrad tipli raket qurğularından atəşə tuturdular. Biz Xarkovu Qrad qurğularının atəşi altında tərk etdik.”

“Biz Moldova və Rumıniya sərhədini keçib Buxarestə çatdıq. Bütün Şərqi Ukrayna müharibə içərisindədir. Qərbi Ukraynanı da atəşə tuturlar. Ancaq burada yalnız hərbi infrastrukturları, hərbi obyektləri atəşə tuturlar. Hesab edirəm ki, Rusiya üçün surpriz Qərbi Ukraynanın müqaviməti olacaq. Orada insanlar Rusiyaya qarşı daha aqressiv, daha əsəbidir. Onlar da artıq döyüşə qatılmaq istəyir. Lakin Ukrayna rəhbərliyi hələ buna lüzum görmür. Hələ Qərbi Ukraynada vəziyyət daha stabildir. Hərdən hərbi təyyarələr görünəndə və hərbi obyektlər atəşə tutulanda həyəcan siqnalları çalınır, insanlar zirzəmilərdə gizlənir.”

Jurnalsit deyib ki, Xarkov şəhərində qeydiyyatdan keçmiş 34 min azərbaycanlı var. Bu məlumatı ona Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov təqdim edib.

“Konsul, həmçinin dedi ki, onların hesablamalarına görə, Xarkov vilayətində ümumilikdə 80 min azərbaycanlı yaşayır. Soydaşlarımız orada təhlükə altındadır. Yaxşı ki, Azərbaycan hökuməti Türkiyə hökumətinə müraciət edib ki, Azərbaycan vətəndaşlarının təxliyəsinə kömək etsin. Amma bu da problemin həlli deyil. Məsələn, biz şəhərdən çıxan gün məşhur heykəltaraş Katib Məmmədovun qardaşı oğlu snayper atəşinə tuş gəldi. Çünki, Xarkovda daha çox diversant hərəkətlərini Çeçenistandan olan hərbçilər yerinə yetirir. Bu səbəbdən də Ukrayna Ordusunun snayperləri Qafqaz xalqlarına oxşayan insanlara daha çox şübhə ilə yanaşırlar. Yəni, demək istəyirəm ki, saatbasaat təhlükə artmaqdadır.”

O, azərbaycanlıların təxliyəsi ilə bağlı problemlərdən danışarkən deyib ki, əsas təhlükə humanitar dəhlizin olmamasıdır.

“İnsanlar Şərqi Ukrayndan çıxmaq üçün bir neçə hərbi postlardan keçməlidir. Bu ərazilərdə aktiv döyüş əməliyyatları gedir. İnsanlar bu zonaları atəş altında tərk etməli olurlar.”

Jurnalist Qərbi Ukraynada sərhəd-keçid məntəqələrindəki durumdan danışarkən deyib ki, burada kilometrlərlə tıxac var.

“Biz əvvəlcə Ukrayna-Rumıniya sərhədinə yaxınlaşdıq. Orada 10 kilometrədək tıxac var idi. Orada sərhədi keçmək üçün günlərlə növbə gözləmək lazım idi. Bu səbəbdən Kişinyova gəldim və Moldovadan sərhədi keçdim.”

O deyir ki, Kişinyovda dəhşətli mənzərənin şahidi olub.

“Minlərlə azərbaycanlı Kişinyovda Azərbaycan Səfirliyinin qarşısında toplaşmışdı. Düzdür onları avtobuslarla Rumıniyaya, oradan isə xüsusi təyyarələrlə Bakıya aparırlar. Məsələ ondadır ki, hazırda prioritet uşaqlara, qadınlara və ahıllara verilir. Orada kişilər qalır. İndi Kişinyovda insanlar yataqxanalarda, otellərdə, hətta səfirliyin həyətində gecələyirlər.”

Jurnalsit belə nəticəyə gəlib ki, Ukrayna xalqı yüksək döyüş əzminə, iradəyə malikdir və geri çəkilməyəcək, sona qədər döyüşəcək.

“Rusiya Xerson şəhərindən başqa heç bir şəhəri işğal edə bilməyib. Ukrayna xalqı küçə döyüşləri aparır, müqavimət göstərir, ruslar hər hansı nəticəyə nail ola bilmir. Mən bir neçə dəfə şahidi oldum ki, silahsız insanlar tankların qarşısına çıxır, tanklara Molotov kokteyli atır, yandırıcı maddələr atır,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG