Accessibility links

Rəsmi Bakı: Ukraynadan Azərbaycana 3138 nəfər təxliyə olunub


Azərbaycan xarici işlər nazirliyi
Azərbaycan xarici işlər nazirliyi

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Ukraynadan martın 7-dək Azərbaycana 3138 nəfər təxliyə olunub.

Onların sırasında çarter reysləri vasitəsilə 1908 nəfər, quru yolu ilə təxliyə olunanlar isə 1263 nəfər təşkil edir.

“Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 10 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib. “

Nazirlik vətəndaşları həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsinin davam edəcəyini qeyd edib.

Ukraynada nə qədər Azərbaycan vətəndaşı var?

Ukraynada nə qədər Azərbaycan vətəndaşının olduğu rəsmən açıqlanmayıb.

Azərbaycanlıların Ukraynadakı diaspor təşkilatlarının rəsmi təsdiqini tapmamış məlumatlarına görə, bu ölkədə beş yüz mindən çox azərbaycanlı yaşayır.

Vətəndaşların vizasız gediş-gəlişi barədə Ukrayna Nazirlər Kabineti və Azərbaycan Hökuməti arasında 14 fevral 2002-ci ildə Kyivdə imzalanmış Sazişə uyğun olaraq, Azərbaycan vətəndaşları daimi yaşama yerlərindən asılı olmayaraq, Ukraynada olma və ölkədə qeydiyyatla bağlı qüvvədə olan qanunvericiliyə əməl etməklə Ukraynaya vizasız daxil olmaq, tranzit, çıxış və qalma hüququna malikdirlər.

Azərbaycan vətəndaşları 180 gün müddətində Ukrayna ərazisində vizasız qala bilər.

XS
SM
MD
LG