Accessibility links

İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Martın 9-da günorta ictimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin binası qarşısında saxlanılıb.

Polis əməkdaşları fəalın şəxsi avtomobilinə hücum edib, maşının pəncərəsini sındırıb və Hacıyevi zorla maşından endirərək Daxili İşlər Nazirliyinə aparıblar.

Bu barədə Hacıyev özü Facebook-da hadisəyə dair video yerləşdirib.

Kadrlarda görünür ki, avtomobilin yan şüşəsindən daxili işlər naziri Vilayət Eyvazovun adı yazılmış mətn asılıb.

Hacıyevin Facebook səhifəsində dərc olunan yazısına əsasən, ictimai fəal "polis əməkdaşlarının cinayətlərə şərik olmasına, günahsız vətəndaşları ləkələməsinə" görə DİN rəhbərini tənqid edib.

Hüquq müdafiəçisi Rüfət Səfərov isə Amerikanın Səsinə bildirib ki, Hacıyevi Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar, onun özünü də ora dəvət ediblər.

Öz növbəsində Azərbaycan Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.

Məlumatda deyilir ki, Bəxtiyar Hacıyev şikayət əsasında aparılan araşdırmaya etiraz edərək bu gün, martın 9-da saat 14:30 radələrində özünə məxsus avtomobillə nazirliyin inzibati binasının qarşısına gəlib:

"Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar. Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam etdirilir".

Xatırlatma

İctimai fəal Bəxtiyar Hacıyev fevraın 11-də Bakı Şəhər Baş Polis İdarəsində rəhbərlik səviyyəsində təhdid edildiyini bildirib.

Fəalın sözlərinə görə, Baş Polis İdarəsinə bir cinayət işi ilə bağlı şahid qismində dəvət edilsə də, idarənin rəis müavini, polkovnik Vüqar Ələkbərov onu otağına dəvət edərək çox sərt şəkildə təhdid edib.

Gənc fəal bunu Daxili İşlər naziri Vilayət Eyvazov haqqında yazdığı tənqidi statusla izah edib.

Amma Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Bəxtiyar Hacıyevə qarşı heç bir təhdiddən söhbət gedə bilməz.

"Bəxtiyar Hacıyev öz ampluasındadır. Səsləndirilən iddialar əsassızdır," o qeyd edib.

Bəxtiyar Hacıyev hökumtin tənqidçisi kimi tanınır. O, 2007–2009-cu illərdə Harvard Universitetində İctimai Siyasət üzrə magistr pilləsində təhsil alıb, MPP (Master in Public Policy) dərəcəsi alıb.

Hacıyev son parlament seçkilərində deputatlığa namizəd olub. Seçkilərdə qalib gəldiyini iddia etsə də, Mərkəzi Seçki Komissiyası digər namizədə mandat verib.

O, 4 mart 2011-ci ildə həbs edilərək hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt o, Amnesty International, Human Rights Watch, Freedom House, Freedom Now kimi beynəlxalq təşkilatlar tərəfindən "vicdan məhbusu" elan edilib.

ABŞ Dövlət katibi Hillari Klintonun 2012-ci il iyunun 6-da Azərbaycana səfərindən iki gün öncə iyunun 4-də o, Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb. Dövlət Katibi Bakı səfəri çərçivəsində Bəxtiyar Hacıyevlə görüşüb.

Onun 2004-2005-ci illərdə "Təhsildə rüşvətə YOX deyək" adlı aksiyası ölkədə geniş dəstək alıb və ictimai fəal həmin dövrdə təzyiqlərə məruz qalıb.

Bəxtiyar Hacıyev 2007-ci ilin yanvarında işıq, su, qaz pullarının birdən-birə 2-3 dəfə qaldırılmasına etiraz olaraq "susmayaq.biz" saytını qurub, imzatoplama kampaniyası apardığı zaman sayta Azərbaycanda giriş bağlanıb və o, 12 sutka inzibati həbs edilib, iki gün sonra isə Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.

XS
SM
MD
LG