Accessibility links

Azərbaycan Moldova və Polşada Ukraynadan təxliyə ilə bağlı əlaqələndirmə mərkəzləri yaradır


Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən indiyədək ümumilikdə 5000-dən çox vətəndaş və onların ailə üzvləri Azərbaycana təxliyə olunub.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat yayıb.

Məlumatda deyilir ki, indiyə qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə 12 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil olunub.

Nazirlik bildirir ki, Ukraynadan həmsərhəd ölkələrə üz tutan Azərbaycan vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə olunması istiqamətində tədbirlər davam etdirilir.

“Ukraynadan Moldovaya digər həmsərhəd ölkələrlə müqayisədə dəfələrlə çox sayda vətəndaşımızın keçməsi ilə əlaqədar olaraq təxliyə işlərinin sistemli və nizamlı şəkildə həyata keçirilməsi, habelə onlara yerində dəstək göstərilməsi məqsədilə Azərbaycan Prezidentinin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin 17 əməkdaşından ibarət heyət martın 7-də Kişineu şəhərinə ezam olunub. Azərbaycanın Moldovadakı Səfirliyi və qeyd olunan dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış müvəqqəti əlaqələndirmə mərkəzi işə başlayıb. Azərbaycan Prezidentinin göstərişi ilə növbəti belə əlaqələndirmə qərargahı Polşada yaradılacaq. Bu məqsədlə martın 9-da qeyd olunan qurumların nümayəndələrindən ibarət heyət Polşanın Varşava və Katoviçe şəhərlərinə ezam olunub,” Xarici İşlər Nazirliyi bildirib.

Məlumatda deyilir ki, dünyada mövcud olan təcrübəyə uyğun olaraq təxliyə prosesində əsas prioritet uşaq, qadın, ahıl və əlillərə verilir.

Ukraynada nə qədər Azərbaycan vətəndaşının olduğu rəsmən açıqlanmayıb.

Azərbaycanlıların Ukraynadakı diaspor təşkilatlarının rəsmi təsdiqini tapmamış məlumatlarına görə, bu ölkədə beş yüz mindən çox azərbaycanlı yaşayır.

Vətəndaşların vizasız gediş-gəlişi barədə Ukrayna Nazirlər Kabineti və Azərbaycan Hökuməti arasında 14 fevral 2002-ci ildə Kyivdə imzalanmış Sazişə uyğun olaraq, Azərbaycan vətəndaşları daimi yaşama yerlərindən asılı olmayaraq, Ukraynada olma və ölkədə qeydiyyatla bağlı qüvvədə olan qanunvericiliyə əməl etməklə Ukraynaya vizasız daxil olmaq, tranzit, çıxış və qalma hüququna malikdirlər.

Azərbaycan vətəndaşları 180 gün müddətində Ukrayna ərazisində vizasız qala bilər.

XS
SM
MD
LG