Accessibility links

Eldar Həsənovun apellyasiya şikayətinə baxılır


Eldar Həsənov
Eldar Həsənov

Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış olub.

Eldar Həsənovun vəkili Cavad Cavadov Amerikanın Səsinə bildirib ki, məhkəmədə ilk olaraq təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verilib. Müdafiəçilər daha sonra məhkəmə araşdırmasının istintaq aparılması ilə keçirilməsini istəyib.

Vəkil deyib ki, məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

Məhkəmə baxışı martın 18-nə təyin olunub.

Cavad Cavadov Eldar Həsənovun məhkəmədə iştirak etdiyini, lakin səhhətinin yaxşı olmadığını bildirib.

Öz növbəsində, Amerikanın Səsi olaraq Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasından məhkəmə baxışı ilə bağlı məlumat almaq mümkün olmayıb.

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov əmlakı müsadirə edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Rəsmi məlumat

Eldar Həsənov 2020-ci il avqustun 13-də vəzifə səlahiyyətlərindən sui-istifadədə və büdcə vəsaitindən təyinatına uyğun olmayan istifadədə şübhəli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Eldar Həsənovla birgə ittiham olunan digər şəxslər barədə cinayət işi ayrıca icraata götürülüb və sonradan onların hamısı barəsində həbs qətimkan tədbiri dəyişdirilib və onlar şərti cəzaya məhkum ediliblər.

Bununla yanaşı, Həsənov həbsdə olarkən xəstəliyi ilə əlaqədar bir neçə dəfə hospitala köçürülüb. O, cərrahiyyə əməliyyatına məruz qalıb. Vəkillərin istintaq müddətində barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin edilməyib.

Eldar Həsənov ittihamları qəbul etmir

Keçmiş səfir özünü təqsirli bilmir və ittihamları əsassız hesab edir. Eldar Həsənov iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar onun siyasi iddiada olması barədə dövlət başçısına yalan məlumat ötürüblər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG