Accessibility links

Əlirza Fərşinin müalicə məzuniyyəti 30 gün daha uzadılıb


Əlirza Fərşi
Əlirza Fərşi

Yanvarın 9-da müalicə üçün məzuniyyətə buraxılan türk dil haqları fəalı Əlirza Fərşinin məzuniyyət müddəti bir ay daha uzadılıb.

Tehran həbsxanasında saxlanılan güneyli siyasi məhbus Əlirza Fərşi bu barədə öz İnstagram səhifəsində məlumat paylaşıb.

Martın 12-də Baharistan şəhərinin Ümumi və İnqilab Prokurorluğunun Cinayət Hökmlərinin İcra şöbəsinə müraciət edən Əlirza Fərşi Evin Prokurorluğundan göndərilən dosyelərin prosesi tamamlanmadığı üçün həmin məhkəmə tərəfindən məzuniyyət müddətinin 30 gün daha uzadıldığını bildirib.

Fərşi öz İnstagram hesabında bu haqda “görəsən bu il də anamın bayram süfrəsində mənim yerimə şəklim oturacaq?” başlığı ilə məhkəmə proseduru və məzuniyyətinn uzadılması ilə əlaqədar məlumat paylaşıb. “Nəzarət altında ya da həbsdə olduğum keçən 4 ilin bayramından fərqli olaraq, görəsən bu il Mərənddə anamın yeddi bərəkət süfrəsinin qonağı olacağam?” - deyə, siyasi məhbus qeyd edib.

Həbsdə olduğu zamandan bəri qan şəkərinin yüksəlməsi, sol göz infeksiyası və sağ əlində uyuşma kimi xəstəliklərdən əziyyət çəkən siyasi məhbus Əlirza Fərşi, yanvarın 27-də Tehranın “Bina” xəstəxanasında göz əməliyyatı keçirib. Türk dili haqlarını dinc yollarla müdafiə edən Fərşi həbsdə olduğu müddətdə xəstəlikləri ilə əlaqədar lazımi tibbi xidmətdən məhrum idi.

Göz infeksiyası və qanda yüksək şəkər xəstəliklərinə baxmayaraq, siyasi məhbus İranda azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulmasına etiraz olaraq, dəfələrlə aclıq aksiyası keçirib.

Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən tədbirdə iştirak etmək və Azərbaycanın kəndlərində uşaqlara İranda çap olmuş qanuni türkcə nağıl kitabları paylama kampaniyası kimi dinc fəaliyyətlərdən dolayı 2 il həbsə məhkum olan Fərşi həbsdə ikən ona qarşı qaldırılan digər iddia ilə 4 il 2 ay əlavə həbsə məhkum edilib.

XS
SM
MD
LG