Accessibility links

İran Qərbi Azərbaycanda İsrailə bağlı bir casus şəbəkəsinə ağır zərbələr endirdiyini deyir


İranın Kəşfiyyat Nazirliyi Qərbi Azərbaycan vilayətində fəaliyyət göstərən “İsrailə bağlı bir casus şəbəkəsinə ağır zərbələr endirdiyini” bildirib.

Bu barədə rəsmi dövlət agentliyi İRNA Qərbi Azərbaycan vilayətinin kəşfiyyat baş idarəsinə istinadən məlumat yayıb.

İranın təhlükəsizlik qurumları bundan əvvəl də İran Azərbaycanında İsrailə bağlı qüvvələrin saxlanıldığına dair məlumat yayıb. Ancaq indiyə qədər bu iddialar ilə bağlı heç bir təfərrüat açıqlanmayıb.

İRNA-nın bazar günü yaydığı xəbərinə görə, “kəşfiyyat qüvvələri keçən bir ay ərzində İsrailin Qərbi Azərbaycan vilayətindəki ən böyük casus şəbəkəsinə ağır zərbələr endiriblər.”

Qərbi Azərbaycan vilayətinin kəşfiyyat baş idarəsinin rəhbəri əlavə olaraq vilayətdə ən böyük silah-sursat bandasının dağıdıldığını bildirib.

İran bazar günü İraqın şimalındakı Ərbil şəhərinə raket hücumunun məsuliyyətini öz üzərinə götürərək İsrailə aid bir “strateji mərkəzini” hədəf aldığını irəli sürüb. Bəzi mənbələr raketlərin İslam İnqilabı Qvardiyasının (Sepah) Təbriz yaxınlığındakı hərbi bazasından atıldığını yazıblar.

Ərdəbil valisi Omed Xoşnav VOA News-a deyib ki, “öldürülən iranlı general Qasım Süleymaninin doğum gününə təsadüf edən raket hücumu Ərbildəki ABŞ konsulluğunu hədəf alıb. Lakin konsulluq binasına ziyan dəyməyib.”

XS
SM
MD
LG