Rusiya rəsmiləri Ukraynanı işğal etdiyi üçün ölkəni tərk edən Qərb şirkətlərinin aktivlərini milliləşdirmək üçün hərəkətə keçəcəklərini bildirib. Bu qərar yüzlərlə müəssisəyə əhəmiyyətli dərəcədə iqtisadi ziyan vura, eyni zamanda, ən azı müvəqqəti olaraq minlərlə rusiyalının iş yerlərini qoruyub saxlayamağa kömək edə bilər.
Yale Universitetinin İdarəetmə Məktəbinin tərtib etdiyi siyahıya görə, bazar Rusiyadan azı 375 şirkət geri çəkildiyini elan edib. Siyahıda Rusiya ilə əlaqələri tamamilə kəsən, eləcə də geri qayıtmağı düşünərək, oradakı fəaliyyətini müvəqqəti dayandıran şirkətlər var.
Bir çox kütləvi informasiya vasitəsinin məlumatına görə, Rusiya prokurorluğu onlarla qərb şirkəti ilə əlaqə saxlayaraq, ölkədən çıxacaqları təqdirdə onların aktivləri, istehsal obyektləri, ofisləri və əmtəə nişanları kimi mülkiyyətlərinin hökumət tərəfindən müsadirə olunacağı ilə bağlı xəbərdarlıqlar edib.
Rusiya prezidenti Vladimir Putin keçən həftə qərbin aktivlərinin müsadirə edilməsi təklifini dəstəkləyib. Bu plan ilkin olaraq ölkənin dominant siyasi partiyası olan “Vahid Rusiya”nın yüksək vəzifəli üzvü tərəfindən açıqlanıb.
“Vahid Rusiya”nın təklifi aktivlərin müsadirəsindən savayı Rusiya hökumətinin addımlarını tənqid edən xarici biznes rəhbərlərinin həbs edilməsi siyasətini müdafiə edir.
Reuters xəbər agentliyinin məlumatına görə, partiya başqa bir təklifi də nəzərdən keçirir. Belə ki, əgər səhmlərinin 25%-dən çoxu “dost olmayan dövlətlərdən” olan şəxslərə aiddirsə, həmin şirkətlər hədəf alınacaq.
“Vahid Rusiya” qanunvericiləri tərəfindən irəli sürülən bu qanun layihəsi hökumətə bu cür şirkətlərin “daxili idarəetməyə” məcbur edəcək və bu, mövcud səhmdar hüquqlarının aradan qaldırılmasına və Rusiya hökuməti tərəfindən tanınan yeni səhmlərin hərraca çıxarılmasına imkan verəcək.
Keçən həftə Ağ Evin mətbuat katibi Cen Psaki tvitter səhifəsində bildirib ki, Rusiya milliləşdirmə planını irəli sürərsə, əlavə sanksiyalar və ya qanuni tədbirlərlə üzləşə bilər. “Rusiyanın bu şirkətlərin aktivlərinə həbs qoyması ilə bağlı istənilən qanunsuz qərarı, sonda Rusiya üçün daha çox iqtisadi itkilərlə nəticələnəcək” deyə, o yazıb.
Lakin Rusiyanın ölkəni tərk edən xarici şirkətləri özəlləşdirmə təhlükəsi faktiki olaraq Kremli McDonald's kimi fast-food şirkətlərindən tutmuş, Gillette ülgüc fabriklərinə, avtomobil istehsal edən Mercedes-Benz zavodlarına qədər hər şeyi idarə etmək məcburiyyətində qoyacaq.
Ekspertlər isə Rusiyanın çox güman ki, dövlət nəzarətinə keçəcək bir çox xarici şirkətləri idarə etmək üçün təcrübəli insanları tapmaqda çətinlik çəkəcəyini deyirlər. Qeyri Rusiya şirkətlərinin əksəriyyətinin rəhbərlərinin coxu isə ölkəni tərk etməyə tələsən xaricilərdir.