Accessibility links

Enegetika Nazirliyi: Azərbaycanın Avropaya qaz tədarükü 10 milyard kubmetrə çatıb


Rusiya-Ukrayna müharibəsi Avropaya nəql edilən Azərbaycan qazının həcminin artırılmasını gündəmə gətirib.

Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakı şəhərində baş tutan səkkizinci iclasının yekunları ilə bağlı Azərbaycan energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqı Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun mətbuat üçün birgə bəyanatında deyilir ki, Avropa İttifaqı və Azərbaycan hökuməti Cənub Qaz Dəhlizinin genişləndirilməsi barədə razılıq əldə edib.

Azərbaycan Enegetika Nazirliyinin bu gün, martın 17-də yaydığı məlumata görə, 2020-ci il dekabrın 31-dən başlayaraq Azərbaycan qazının Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya ümumi tədarükü 10 milyard kubmetrə çatıb.

Nazirlik hesab edir ki, bir ildən bir qədər artıq müddətdə Avropaya 10 milyard kubmetr təbii qazın çatdırılması göstərir ki, TAP missiyasını uğurla yerinə yetirir.

“Azərbaycanın mənbə, marşrut və bazarların şaxələndirilməsi ilə bağlı siyasəti öz bəhrəsini verir. Hazırda TAP ilə Avropaya gündəlik olaraq 28 milyon kubmetrdən çox qaz nəql olunur. Beləliklə, TAP avropalı istehlakçıların enerji təchizatına töhfələrini gündən-günə artırmaqla bərabər, Azərbaycanın Avropanın qaz bazarına inteqrasiyasını da möhkəmləndirir.”

Energetika Nazirliyi bildirir ki, 878 kilometr uzunluğa malik TAP boru kəmərinin ötürücülük gücünün 20 milyard kubmetrədək artırılması perspektivləri növbəti mərhələdə Avropada Azərbaycan təbii qazının ixrac bazarlarının genişləndirilməsinə imkanlar yaradır.

TAP-ın icraçı direktoru Luka Şippati qeyd edib ki, 10 milyard kubmetr həcmin təxminən 8,5 milyard kubmetri İtaliyada, qalan hissəsi Yunanıstan və Bolqarıstanda istifadə edilib.

“Kommersiya fəaliyyətinə başladıqdan bir ildən bir qədər çox müddət sonra biz yükgöndərənlərimizi səmərəli, etibarlı və fasiləsiz nəqliyyat xidmətləri ilə təmin etdik, Avropanın enerji təhlükəsizliyinə və təchizatın diversifikasiyasına mühüm töhfə verdik. Hazırda biz ildə 10 milyard kubmetrlik tam nəql gücünə çata bilərik. Bundan əlavə, qısamüddətli hərraclar vasitəsilə əlavə tutum əlavə edə bilərik,” Şippati əlavə edib.

TAP-ın kommersiya direktoru Mariya Savova isə hesab edir ki, “TAP gücünü ikiqat artıra və qaz təchizatı şirkətlərinin müraciətləri əsasında 45-65 ay ərzində mərhələli şəkildə 20 milyard kubmetrə qədər genişləndirə bilər”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, 2021-ci ildə ümumilikdə Avropada 552 milyard kubmetr qaz istehlak edilib.

“2021-ci ildə Azərbaycan Avropa bazarında 8 milyard 150 milyon kubmetr qaz satıb. Azərbaycan bu il öz həcmlərini 10 milyard kubmetrədək artıracaq. Bu nisbətə görə ayırd etmək olar ki, nə qədər Azərbaycan qazı Avropanın ümumi istehlakındadır. Ancaq Rusiya ümumilikdə Avropada təqribən 175-180 milyard kubmetr qaz satır,” o qeyd edib.

Ekspert hesab edir ki, yaxın bir neçə ildə Azərbaycan Cənub Qaz Dəhlizi ilə məhz türkmən qazını Avropa bazarına müəyyən həcmlərdə verə bilər.

“Bu həm svap, yəni dəyişdirmək yolu ilə İran üzərindən alınan türkmən qazı ola bilər. Həmçinin də Azərbaycanla Türkmənistanın Dostluq yatağının işlənməsində (neft-qaz yatağı) müəyyən hissə hüquqi baxımdan türkmən qazı olar,” İlham Şaban belə düşünür.

Azərbaycan qazının TAP kəməri vasitəsi ilə Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. Rəsmi məlumatlara görə, birinci il ərzində TAP qaz kəməri ilə Avropaya 8,1 milyard kubmetr Azərbaycan qazı ixrac edilib. 2022-ci ildə TAP ilə Avropaya qaz nəqlinin həcmi 10 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Azərbaycan tələb və müqavilələr olduğu halda Avropaya qaz nəqlini artırmağa hazır olduğunu bəyan edib.

Uzunluğu 878 kilometr olan TAP Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyan 3500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsidir.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib.

“Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG