Accessibility links

Azərbaycanda Novruz bayramı qeyd edilir


Novruz bayramı

Bu gün, martın 20-də Azərbaycanda Novruz bayramı qeyd edilir.

Novruz bayramının hər il xüsusi qeyd olunması ənənəsi olsa da son iki ildə pandemiya səbəbindən bayram tədbirlərinin keçirilməsi mümkün olmayıb. Lakin bu il karantin rejini yumşaldıldığından təntənəli bayram tədbirləri yenidən bərpa edilir.

Bayramın ilk günündə paytaxt Bakıda İşərişəhərdə Qoşa Qala meydanında bayram tonqalı qalanıb. Bayram şənlikləri martın 27-dək davam edəcək.

Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini ehtiva edən ilk bahar günüdür. Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Azərbaycana yaz fəslinin gəlişi martın 20-də Bakı vaxtı ilə saat 19:33:23-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək.

Prezident İlham Əliyevin bayram təbrikində deyilir ki, qloballaşma dalğasının vüsətli dövründə Novruz ənənələrinin müqəddəs ərməğan kimi uca tutulması və bütün rəngarəngliyi ilə yaşadılması ölkənin çoxəsrlik mədəni irsinə ehtiramın ifadəsidir.

“Əminəm ki, xaricdəki soydaşlarımızın bizimlə birgə azərbaycançılıq məfkurəsi işığında baharı qarşılamaları onların qəlbində yurdumuza bağlılıq hisslərini daha da möhkəmləndirəcək. İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirəcək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirəcəyik. Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Qoy bu əziz bayram hər evə, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin!” Prezident İlham Əliyev qeyd edib.

Bu gündən başlayaraq Azərbaycanda yaz fəslinin gəlişini özündə simvolizə edən el şənlikləri keçirilir. Novruz bayramı ilə əlaqədar ölkədə 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş günü olmayacaq.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

BMT isə 2010-cu ildə 21 martı “Beynəlxalq Novruz Günü” elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Qəzza Zolağında "kövrək" atəşkəs davam edir
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG