Accessibility links

Ukraynanın işğalı ilə bağlı sanksiyalar rusiyalı turistlərin xaricdə qalmasına səbəb olub


Ukraynanın işğalı ilə bağlı sanksiyalar rusiyalı turistlərin xaricdə qalmasına səbəb olub
please wait

No media source currently available

0:00 0:04:13 0:00

Ukraynanın işğalı ilə bağlı sanksiyalar rusiyalı turistlərin xaricdə qalmasına səbəb olub

Rusiya ötən ay Ukraynanı işğalına başladıqdan sonra Moskva və onun lideri ölkənin iqtisadiyyatına, texnologiyasına və nəqliyyat sektorlarına təsir edən geniş sanksiyalara məruz qalıb. Rusiyanın hava yolları şirkəti Aeroflot beynəlxalq uçuşları, Visa və Mastercard isə Rusiya bankları ilə əməliyyatları dayandıraraq bəzi rusiyalı turistləri xaricdə qalmağa məcbur edib.

Rusiyanın Sankt-Peterburq şəhərindən olan sualtı üzgüçülük üzrə təlimatçı Tamara Taratorina 5 il əvvəl səyahətə olan həvəsini biznesə çevirib. O, dalğıc həvəskarları üçün dünyanın müxtəlif yerlərinə - Misir, Maldiv adaları, Meksika kimi yerlərə turlar təşkil edir.

Onun biznesi COVID-19 pandemiyasında ayaqda qalmağı bacarıb. Lakin Rusiyanın Ukraynaya son hərbi müdaxiləsi Taratorinanı və bir qrup rusiyalı turisti Maldiv adalarında qapalı vəziyyətdə qoyub. İşğaldan sonra Moskvaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar Rusiyanın “Aeroflot” aviadaşıyıcısının təyyarələrinin xaricdə ələ keçiriləcəyindən ehtiyat edərək beynəlxalq uçuşları dayandırmasına səbəb olub.

“Hazırda bütün turistlər Aeroflotun uçuşlarının vaxtının dəyişdirilməsini gözləmirlər. Qeyri-Rusiya aviadaşıyıcılarından yeni biletlər alırlar və bu, ucuz deyil. Aeroflot biletin istifadə olunmamış hissələrinin dəyərini geri qaytaracağına söz verib, lakin bu məbləğlər insanların yeni biletlər alıb evə qayıtmaq üçün indi ödəməli olduğu məbləğlə müqayisədə çox azdır” - deyə, Tamara Taratorina qeyd edib.

Rusiyalı turistlər, həmçinin kredit kartlarına görə çıxılmaz vəziyyətdədir. “Mastercard” və “Visa” Rusiya banklarına xidmət göstərməyi dayandıraraq, xaricdəki rusiyalıları maddi çətinliyə salıb. Onların özləri ilə gətirdikləri hər hansı nağd pulun dəyəri indi daha ucuzdur, çünki sanksiyalar Rusiya rublunun dəyərini kəskin şəkildə ucuzlaşdırıb. Rusiyalı turistlər tezliklə beynəlxalq səyahətləri ödəyə bilib-bilməyəcəklərinə əmin deyillər və sanksiyaların onların şəxsi həyatlarına ciddi təsir edəcəyinə əmindirlər.

“Hökumətimin hərəkətlərinin cibimə necə təsir etdiyini sözün əsl mənasında hiss edirəm. Hər bir rusiyalı bunu hiss etməyincə, heç nə dəyişməyəcək. Özünüz üçün qayğı göstərmək yalnız insani bir şeydir. İndi isə vəziyyət mənə birbaşa təsir edir, çünki beynəlxalq şirkətlər Rusiyaya bütün tədarükləri məhdudlaşdırıb” - deyə, rusiyalı turist Alyona Qluxova bildirib.

Rusiya televiziyasında müharibənin necə işıqlandırıldığını izləyib-izləmədiklərini soruşduqda, əksəriyyəti izləmədiklərini və xəbərlərin çoxunu internet və sosial mediadan aldıqlarını bildirib.

Rusiyalı turistlərin bəziləri hesab edir ki, Ukraynaya hücum əsasən Ukraynanın şərqindəki Donbas bölgəsində yaşayan ruslara milli kimliklərini müdafiə etməkdə kömək etmək üçün bir vasitədir. 2014-cü ildən qismən rusiyayönlü separatçıların nəzarətində olan bölgə ötən ay Donetsk və Luqansk anklavlarını müstəqil respublika kimi tanıyan Rusiya ilə Ukrayna arasında əsas mübahisə nöqtəsidir.

Məlumat üçün bir çox onlayn mənbələri oxuduğunu deyən Andrey Nikulin Ukraynadakı münaqişənin səbəbinin oradakı rus xalqının “soyqırımı” olduğuna inandığını, ukraynalıların və çoxlu sayda qərblilərin Rusiya təbliğatının müzakirə mövzusu kimi təsvir etdiklərini qeyd edib.

“İnsanlar səkkiz ildir ki, Rusiyanın onlara kömək edəcəyini gözləyirlər. O zaman biz müdaxilə edə bilmədik. Amma indi Rusiya gəlməsəydi, Ukraynada ruslara qarşı soyqırım daha da şiddətlənəcəkdi” - deyə, rusiyalı turist Andrey Nikulin iddia edib.

Bu rusiyalı turistlərin müxtəlif siyasi baxışlarına baxmayaraq, onların hamısı müharibənin faciə olduğu və nəyin bahasına olursa-olsun dinc əhalinin öldürülməsinin qarşısını almaq lazım olduğu qənaətindədir.

“Bütün bunlara göz yaşları ilə baxdım. Şəxsən mən yarı-rus, yarı-ukraynalıyam və tərəf seçə bilmirəm. Başa düşürsən ki, bütün bunlar siyasətdir. Müharibə iki qardaş xalq arasında manipulyasiya edilir. Bir gün bitəcək, amma travma qalacaq. Biz bunun öhdəsindən gəlməliyik və hər iki tərəfdə insan olaraq qalmalıyıq” - deyə, Olqa Kalabuxova bildirib.

XS
SM
MD
LG