Accessibility links

Polis 19 kiloqram narkotik götürdüyünü bildirir


Narkotik

Azərbaycanda polisin 19 kiloqramdan artıq narkotik vasitələri qanunsuz dövriyyədən çıxardığı bildirilir.

Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun məlumatına görə, Cəlilabad Rayon Polis Şöbəsi narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakinləri Nurlan Rəhimovu və Adəm Təhməzovu saxlayıb.

Onlara məxsus bağlamalardan 9 kiloqram 200 qrama yaxın heroin, 3 kiloqram 640 qram tiryək, 6 kiloqram 530 qram marixuana aşkarlanaraq götürülüb.

Məlumatda deyilir ki, həmin şəxslər sözügedən narkotik vasitələri xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər.

Saxlanılan şəxslərin vəkilləri və yaxınları hələ bu məlumata münasibət bildirməyib.

Xatırladaq ki, son günlərdə Azərbaycan hüquq-mühafizə orqanları İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə gedən yük avtomobillərindən bir neçə yüz kiloqram narkotik aşkar edib.

Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır.

İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Azərbaycanın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, 2021-ci ilin 10 ayı ərzində qanunsuz dövriyyədən ümumilikdə 5 ton 880 kiloqram 982 qram narkotik vasitələr və psixotrop maddə çıxarılıb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5021 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 51 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 21-i İran, 11-i Gürcüstan, 10-u Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i Pakistan vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 343 kiloqram və 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 1580 ədəd güclü təsir edən maddə götürülüb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir.

Bunlar İran – Azərbaycan, İran – Azərbaycan – Rusiya – Yaponiya, İran – Azərbaycan – Gürcüstan – Avropa, İran – Azərbaycan – Rusiya – Ukrayna marşrutlarıdır.

XS
SM
MD
LG