Accessibility links

Azərbaycanın daha bir internet mediasının Rusiya ərazisində yayımına blok qoyulub


Oxu.az saytı
Oxu.az saytı

Azərbaycanın daha bir internet mediası Oxu.az saytı Rusiya ərazisində bloklanıb. Bu qərar Roskomnadzor (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) tərəfindən verilib.

Məlumatı Oxu.az saytı yayıb.

Bununla yanaşı, Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətnin rəsmi saytının axtarış sistemində hansısa saytın bloklanması barədə məlumat tapılmır. Amma Ameirkanın Səsinin müxbirinin xahişi ilə Rusiya ərazisində yaşayan bir neçə insan sayta giriş edə bilməyib.

“Saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur. Qeyd edək ki, Oxu.Az heç bir zaman yalan, dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan məlumatlar yaymayıb. Bu baxımdan Roskomnadzorun belə addım atması olduqca qərəzli və qanunsuzdur,” Oxu.az saytı bildirir.

“Global Media Group”a daxil olan Oxu.az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir.

Sayt Azərbaycan və rus dillərində ölkədə və dünyada, o cümlədən Ukraynada baş verən hadisələr barədə xəbərlər, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.

Xatırladaq ki, bundan öncə Rusiya ərazisində Azərbaycanın haqqin.az, virtual.az, minval.az, musavat.com saytaları bloklanıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan saytlarının Rusiya ərazisindəki yayımına məhdudiyyət qoyulub.

"Əlbəttə, bloklanan saytların siyahısı genişlənə də bilər.”

Amaşov sual edir ki, Azərbaycanın kütləvi informasiya vasitələri nə edir ki, belə rəftara layiq görülür?

"Obyektiv yanaşma, həqiqətləri yazmağa dözmək belə çətindir? Axı Rusiya müstəqil Ukraynanın ərazisinə qoşun yeridib. Bunun arxasında hansı qlobal siyasi məqamlar var, bu, başqa məsələ. Fakt budur ki, ortada işğal var və bizim media orqanlarımızın məhz bu danılmaz reallığa söykənməsi məqbuldur,” o qeyd edib.

XS
SM
MD
LG