Accessibility links

Mətbuat Şurası: Azərbaycanın internet saytlarının Rusiya tərəfindən bloklanması söz və ifadə azadlığına sayğısızlıqdır


Azərbaycan Mətbuat Şurası Azərbaycanın bir sıra internet medialarının Rusiyada yayımının məhdudlaşdırılması ilə bağlı bəyanat yayıb.

“Rusiya tərəfindən söz və ifadə azadlığına, plüralizmə aşkar sayğısızlıq törədilir. Bu, beynəlxalq miqyasda qəbul edilmiş prinsip və normalara, bəşəri dəyərlərə etinasız yanaşmadır. Bu, eyni zamanda, Rusiya cəmiyyətinin obyektiv məlumat almaq, alternativ fikirlə tanış olaraq düzgün nəticəyə gəlmək hüququnun məhdudlaşdırılmasıdır,” Mətbuat Şurasının bəyanatında qeyd edilir.

Son günlər Azərbaycanın haqqin.az, virtual.az, minval.az, müsavat.com, oxu.az saytları Rusiya ərazisində bloklandığını bildirib. Bu saytlar Ukraynadakı durumla bağlı rus və azərbaycan dillərində məlumatlar, reportajlar, qərb mediasında çap olunan materialları tərcümə edərək dərc edir.

Mətbuat Şurası hesab edir ki, Rusiyanın Azərbaycan KİV-lərinə belə yanaşması iki ölkə arasındakı münasibətlərə, Rusiya və Azərbaycan xalqlarının tarixən formalaşmış dostluq və əməkdaşlıq ənənələrinə, informasiya mübadiləsi prosesinə hörmətsizlikdir.

“Rusiyanın bloklama siyasəti dövlətin öz informasiya məkanını yad elementlərdən təmizləmək istəməsi kimi dəyərləndirilə bilməz. Çünki Azərbaycan KİV-ləri heç bir halda söz və ifadə azadlığından sui-istifadə etmir. Onlar müharibəyə işğal faktı prizmasından yanaşırlar. Bu, müstəqillik dövrü Azərbaycan mediasının ruhundan irəli gəlir. Çünki Azərbaycan 30 ilə yaxın müddətdə işğaldan əziyyət çəkib,” sənəddə qeyd edilir.

Azərbaycan Mətbuat Şurası Rusiyanın media ictimaiyyətinə, mütərəqqi dairələrinə müraciət edərək Azərbaycan KİV-lərinin bloklanması, Rusiya ərazisindəki yayımlarının məhdudlaşdırılması faktına obyektiv qiymət verməyə çağırır.

“İnanmaq istərdik ki, Rusiya cəmiyyəti bu vəziyyətə düzgün və zəruri reaksiya verərək Azərbaycan və Rusiya arasındakı münasibətlərin müsbət ahəng və dinamikasına, mehriban qonşuluq prinsiplərinə zidd təmayüllərə meydan tanımayacaqdır,” bəyanatda deyilir.

Rusiyanən rəsmi qurumları Azərbaycan Mətbuat Şurasının bəynatına hələ münasibət bildirməyib.

XS
SM
MD
LG