Accessibility links

Avropa Şurası Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planını təqdim edəcək


Avropa Şurası
Avropa Şurası

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç gələn həftə Azərbaycana səfər edəcək.

Avropa Şurasının məlumatına görə, aprelin 5-də Bakıda o, Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planını təqdim edəcək.

Tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurasının Bakı ofisinin və benefisiar təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edəcəklər.

Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı fevralın 16-da Avropa Şurası Nazirlər Komitəsi tərəfindən qəbul edilib. Azərbaycan qanunvericiliyinin, institutları və praktikasının insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində Avropa Şurasının standartlarına uyğunlaşdırılmasına yönələn strateji proqramlaşdırma alətidir.

Sənəd Avropa Şurasına üzv ölkə kimi Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsi, milli qanunvericiliyi Avropa və beynəlxalq standartlara uyğunlaşdırması üzrə səylərinin dəstəklənməsinə yönəlib.

Fəaliyyət Planında Avropa Şurasının nizamnamə və nəzarət orqanlarının əvvəllər qəbul etdikləri qərar və tövsiyələr, habelə milli islahatlar proqramı nəzərə alınıb.

Azərbaycan üçün Fəaliyyət Planının ümumi büdcəsi 9,6 milyon avrodur.

Xatırladaq ki, bundan öncə Avropa Şurasının 2014-2018-ci illər və 2018-2021-ci illər üçün Azərbaycana dair fəaliyyət planları olub.

Fəaliyyət planları Azərbaycanda məhkəmə hakimiyyətinin artırılmasının və məhkəmə idarəetməsinin təkmilləşdirilməsinin, korrupsiya və kibercinayətkarlığa qarşı mübarizənin, jurnalistika fakültəsi tələbələri üçün tədris proqramının təkmilləşdirilməsinin, cəzaçəkmə müəssisələrinin yüksək vəzifəli menecerləri və tibbi heyətinin idarəetmə bacarıqlarının artırılmasının, insan hüquqlarının və əsas azadlıqlarının, plüralist demokratiya kimi ümumi dəyərlərin təşviqinin, qanunun aliliyinin gücləndirilməsinin və demokratik idarəçilik prinsiplərinin təmin edilməsinin təşviqini nəzərdə tutur.

Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilib. Hazırda, Azərbaycan Avropa Şurası çərçivəsində qəbul edilən 60-dan çox beynəlxalq konvensiyanın iştirakçısıdır.

XS
SM
MD
LG