Accessibility links

AXCP fəalının kassasiya şikayəti təmin edilməyib


Səid Məmməzadə və Əli Kərimli
Səid Məmməzadə və Əli Kərimli

Ali məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan idmançı, qarışıq döyüş növləri üzrə Avropa çempionu Səid Məmmədzadənin kassasiya şikayəti təmin edilməyib.

Vəkil Elçin Sadıqovun Amerikanın Səsinə verdiyi məlumata görə, Apellyasiya Məhkəməsinin Səid Məmmədzadə (Bakuvi)barəsində verdiyi qərar qüvvədə qalıb.

Elçin Sadıqov deyir ki, Avropa İnsan hüquqları Məhkəməsinə müraciət ediləcək.

“Bu iş üzrə Konvensiyanın 10-cu (fikri ifadə etmək azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusu var” - deyə, vəkil bildirib.

Öz növbəsində Səid Məmmədzadə bugünkü məhkəmə prosesindən heç bir gözlənti olmadığını deyib.

“Ölkədəki ədalətsizliyin aliliyi bir daha öz təsdiqini tapdı. Qondarma cinayət işimdə heç bir dəyişiklik edilmədi” - deyə, o Facebook səhifəsində bildirib.

Bu məhkəmə prosesi ilə bağlı Amerikanın Səsi olaraq Ali Məhkəmədən şərh almaq mümkün olmayıb.

Xatırlatma

Səid Məmmədzadə ötən il iyunun 22-də məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsində onun barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. İdmançıya Xətai rayon Məhkəməsinin verdiyi 3 il 6 aylıq həbs cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab olunub. Lakin Apellyasiya Məhkəməsindən həm AXCP üzvünün özü, həm də onun vəkilləri idmançıya bəraət istəyib. Səid Bakuvi ləqəbi ilə tanınan idmançı CM-in 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddəsi ilə təqsirləndirilir. İddia olunur ki, avtoyuma məntəqəsində Rüfət Məcidov adlı şəxslə mübahisə edib, ona bıçaqla xəsarət yetirib. Məmmədzadə özü də günahsız olduğunu, siyasi baxışlarına görə böhtana məruz qaldığını vurğulayıb. Səid Məmmədzadə 2020-ci ilin mayında həbs edilib, iyulda isə ev dustaqlığına buraxılmışdı. O, aprelin 28-də Xətai rayon Məhkəməsində hökm elan ediləndə məhkəmə zalında həbs olunub.

XS
SM
MD
LG