Accessibility links

Metyu Brayza: Minsk Qrupu Rusiya onun həmsədri olduğu halda fəaliyyətini davam etdirə bilməz


Metyu Brayza: Avropa İttifaqının sülh prosesində iştirakı olduqca vacibdir
please wait

No media source currently available

0:00 0:09:07 0:00

Metyu Brayza: Avropa İttifaqının sülh prosesində iştirakı olduqca vacibdir

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş yardımçısı, ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Vaşinqtonda Atlantika Şurasının baş elmiş işçisi Metyu Brayza Amerikanın Səsinə müsahibədə Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş, Cənubi Qafqazda sülh səylərində Avropa İttifaqı və ABŞ-ın səyləri və Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin post-sevet məkanında “dondurulmuş” münaqişələrə mümkün təsirlərini şərh edib.

Amerikanın Səsi: Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşərək Cənubi Qafqazda vəziyyəti və hər iki ölkə ilə əlaqələrin inkişafı məsələlərini müzakirə edib. Şarl Mişel bəyanatında bildirib ki, həm prezident Əliyev, həm də baş nazir Paşinyan iki ölkə arasında sülh sazişinə doğru irəliləmək istəklərini ifadə ediblər. Bəyanatda qeyd edilir ki, tərəflər öz xarici işlər nazirlərinə sülh müqaviləsi hazırlamağı tapşırmaq haqda razılaşıblar. Bu görüş nə dərəcədə əhəmiyyətlidir və siz regionda sülhün bərqərar olması perspektivləri haqqında nə düşünürsünüz?

Metyu Brayza: Mənim fikrimcə, bu, olduqca əhəmiyyətlidir və mənim üçün bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yəqin ki, 2008-ci, 2009-cu illərdə Madrid prinsipləri kimi tanınan gördüyümüz işlərlə bağlı müəyyən nikbinlik hiss etdiyim vaxtlardan bəri eşitdiyim ən yaxşı xəbərdir. Bilirsiniz, biz bunu sizinlə əvvəllər də müzakirə etmişik, 2009-cu ilin yanvarında o zaman prezident Sarkisyan və prezident Əliyev Madrid prinsipləri və ya Madrid sənədini prinsip etibarilə, rəsmi deyil, prinsip etibarilə təsdiq etdilər. Lakin bilirsiniz ki, bunlar heç vaxt nizamlanmaya gətirib çıxarmadı. Onların heç biri digər tərəfin öz əhalisini bu prinsipləri qəbul etməyə inandıra biləcəyinə inanmırdı. İndi hər şey tamam başqadır.

Mənim fikrimcə, Şarl Mişel iki liderə xarici işlər nazirlərinə təkcə sülhə hazırlaşmaq deyil, konkret sənədin hazırlanmasını tapşırmaq üçün “siyasi çətir”, müdafiə təmin edə bilər. Mən hesab edirəm ki, bu, on illər ərzində Dağlıq Qarabağ münaqişəsi haqqında eşitdiyimiz ən yaxşı xəbərdir və fikrimcə, Avropa İttifaqının, bu halda Avropa Şurasının birbaşa iştirak etməsi çox vacibdir.

Şarl Mişel Cənubi Qafqaz məsələlərində özünü bacarıqlı vasitəçi kimi göstərib. O, Gürcüstanda bir il əvvəl müxalifət və hökumət arasında razılaşmanın əldə edilməsinə vasitəçilik edərək böyük iş gördü. Mən həmişə bu fikirdə olmuşam ki, bütünlüklə Avropa İttifaqının Minsk Qrupunun həmsədri kimi iştirakı Aİ-nin təkcə bir üzvü – Fransanın iştirakından daha məntiqlidir.

Vladimir Putinin rəhbərlik etdiyi sülh prosesi hazırda onun və ya onun hərbi qüvvələrinin başçılığı ilə Ukraynada törədilən vəhşiliklər və qətllər nəzərə alındıqda etibarlı deyil.

Ona görə də bunun çox yaxşı olduğunu düşünürəm və belə müsbət hiss etməyimin bir səbəbi də onunla bağlıdır ki, əlbəttə prezident Əliyev İkinci Qarabağ müharibəsindən bəri sülh razılaşması istiqamətində irəliləmək istəyirdi və Paşinyan da bunu istəyirdi. Bilirsiniz ki, o, ölkədə sərt siyasi müxalifətlə üzləşib, indi o, bunun öhdəsindən gəldiyinə əmin görünür. Digər tərəfdən, bu həm də keçən il hər iki prezidenti Soçiyə çağıran prezident Putinin təsir dairəsindən kənardadır. Mən onu demək istəyirəm ki, Vladimir Putinin rəhbərlik etdiyi sülh prosesi hazırda onun və ya onun hərbi qüvvələrinin başçılığı ilə Ukraynada törədilən vəhşiliklər və qətllər nəzərə alındıqda etibarlı deyil. Buna görə də bu, yaxşı vəziyyətdir.

Amerikanın Səsi: ABŞ Dövlət katibi Antoni Blinken bu görüşdən bir gün əvvəl prezident Əliyev və baş nazir Nikol Paşinyanla ayrı-ayrı telefon söhbəti zamanı Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstək verdiyini bildirib və Birləşmiş Ştatların iki ölkəyə uzunmüddətli hərtərəfli sülhün əldə olunması üçün danışıqları aparmağa kömək etməyə hazır olduğunu bir daha bəyan edib. Bu, Birləşmiş Ştatların aktivliyinin artmasına işarə ola bilərmi? ABŞ tərəfindən iştirakın artacağını gözləmək olarmı?

Metyu Brayza: Bunu demək hələ tezdir. Dövlət katibi Blinkenin açıqlamalarını şərh etmək aşkar olanı qeyd etməkdir. Avropa İttifaqı Ermənistan və Azərbaycanın davamlı sülh əldə etməsini və Aİ-nin başçılığı ilə səylərin dəstəklənməsini istəyir. Biz buna Rusiyanın Ukraynaya müdaxiləsi kontekstində bir daha baxmalıyıq. Minsk Qrupu Rusiya onun həmsədri olduğu halda fəaliyyətini davam etdirə bilməz. Bu, indi mümkün deyil. Minsk Qrupu üçün həmçinin 2020-ci il noyabrın 10-da Fransanın və Fransa xarici işlər nazirinin Qarabağ münaqişəsində Ermənistanın tərəfində olması ağır travma oldu. Beləliklə, mən bunu ABŞ-ın Avropa İttifaqının irəliyə çıxmasının yaxşı olduğunu deməsinin əlaməti kimi qəbul edirəm. `Biz Avropanın liderlik etməsini istəyirik. Bu ölkələr ABŞ-dan daha çox Avropaya yaxındırlar`. Yeri gəlmişkən, 2008-ci ildə Rusiyanın Gürcüstanı işğalı zamanı da eyni yanaşma var idi. O vaxt biz şüurlu şəkildə bizim rəsmi liderlik deyil, çox güclü dəstəkləyici rol, ən mühüm deyil, yenə də çox güclü rol oynamağımızla Fransanın Avropa İttifaqının prezidentliyi rolunda liderlik etməsi qərarı vermişdik. Bu dəfə mən Dövlət katibi Blinkenin Birləşmiş Ştatların hazırda o vaxt Rusiyanın işğalı zamanı ABŞ prezidenti və dövlət katibinin məşğul olduğu kimi məşğul olacağına işarə etdiyinə əmin deyiləm. Amma necə deyərlər, “uğurun sahibi çox olur”. Əgər Şarl Mişel bir impuls versə, mən əminəm ki, Dövlət katibi və Prezident Baydenin məşğul olacağını görə biləcəyik. Onlar hazırda bütün diqqəti Ukrayna yönəldiblər, lakin onlar eyni zamanda, Rusiyanı müsbət mənada təcrid etmək üçün yol axtarırlar. Uğurlu olan və Rusiyanın iştirakı olmadan sülh prosesi vasitəsilə Rusiyanı təcrid etmək. Bu, Vaşinqtonun nöqteyi-nəzərindən diplomatik nailiyyət olardı.

Amerikanın Səsi: Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında görüş keçən ay Qarabağda vəziyyətlə bağlı iki ölkə arasında yaranmış yeni gərginlikdən sonra baş verib, o zaman Rusiya Azərbaycanı razılaşmanı pozmaqda ittiham edib, Azərbaycan isə Rusiyanın iddialarını rədd edib. Rusiya qüvvələrinin hələ də Qarabağda mövcudluğu regionda sabitliyə hansı problemlər və risklər yaradır?

Metyu Brayza: Mənim cavabım sizin sualınızın istiqamətinin əksinədir. Mən hesab edirəm ki, Rusiya sülhməramlıları indiyə qədər həqiqətən çox yaxşı iş görüblər. Qarabağda onlara ehtiyac var idi, demək istəyirəm ki, onlar erməni [qüvvələrini] ayırmaq, onları getməyə razı salmaq üçün orada qüvvəyə ehtiyac var idi. Münaqişədən qısa müddət sonra, keçən ilin əvvəli, mən 2021-ci ilin əvvəlini nəzərdə tuturam, əsgər, casus, nə adlandırılmalarından asılı olmayaraq 9-10 noyabr üçtərəfli bəyanatı pozaraq keçən erməniləri xatırlayırsınız və Rusiyanın sülhməramlıları cavab vermişdi. Ona görə də mən bu halda Azərbaycanın Rusiya hökumətinin, Rusiya müdafiə nazirliyinin dediklərindən nəyə görə qəzəbləndiyini başa düşürəm. Rusiya cavab vermək üçün Ermənistan tərəfindən təzyiq altında idi və mən bilirəm ki, Azərbaycan qüvvələrinin Ermənistanın təxribatına cavab verib-vermədiyi və ya özü tərəfindən təşəbbüs edilib-edilməməsi müzakirə mövzusudur. Mən bunun cavabını bilmirəm, amma erməni tərəfinin Azərbaycanı təxribatda ittiham etməsini başa düşə bilərdim və təbii ki, Rusiya bütün bunların baş verməsini dayandırmaq istəyirdi. Mən çox şadam ki, gərginlik sona çatıb və Avropa İttifaqı Şurasının prezidentinin rəhbərliyi ilə işlərin irəliyə doğru getdiyini göstərən bu təməlqoyucu görüş keçirilib.

Amerikanın Səsi: Mən Ukraynada müharibə və bunun bir çoxlarının dediyi kimi, uzun illər boyu “Kreml tərəfindən yaradılan və qızışdırılan dondurulmuş münaqişələrə” təsirlərinə də toxunmaq istərdim. Rusiya qüvvələri bildirildiyi kimi Ukraynada müharibədə üstünlüyünü itirir, bu halda müharibənin mümkün nəticələri nə ola bilər? Rusiyanın Ukraynada apardığı müharibə postsovet məkanında digər münaqişələrə necə təsir göstərə bilər? Sizin bu haqda fikirləriniz nədir?

Metyu Brayza: Düşünürəm ki, prezident Putinin hərbi müdaxiləsi nə qədər uğursuz olsa, çünki o uğursuzluğa uğrayır, nə qədər uğursuz olarsa, o, zərbə endirmək üçün başqa bir yer axtaracaq. Demək istədiyim odur ki, o, Rusiyada qarşıdan gələn seçkiləri səbirsizliklə gözləyir, eyni zamanda, Ukraynada uğur qazansa, o zaman Gürcüstan və Moldovada işləri bitirmək, sonra isə bəlkə də Baltikyanı ölkələrə keçmək istəyəcək. Buna görə də Rusiyanın Ukraynada təcavüzünün uğurlu, ya da uğursuz olmasından asılı olmayaraq, mən hesab edirəm ki, Putinin ilkin instinkti Rusiyanın qonşuluqda hərbi gücünü göstərməkdən ibarət olacaq. Lakin mən Gürcüstan və Moldovadan daha çox və Azərbaycandan daha az narahat olardım, çünki Rusiyanı özünün beynəlxalq reputasiyası narahat edir. İndi ona Hitlerin, nasislərin üslubunda yenidən vəhşiliklər törədən intizamsız bir qrup qəssab tərəfindən idarə edilən ölkə kimi baxırlar.

Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı Xarici İşlər naziri Lavrov bizi, Minsk Qrupunun həmsədrlərini Xarici İşlər Nazirliyinin villasında nahara qonaq etdi və dedi ki, `baxın, mən istəyirəm bu nahar yeməyinə ev sahibliyi etməklə insanlar bizim də sülhsevər ola bildiyimizi, təkcə müharibəni qızışdıran olmadığımızı görə bilsinlər`. Onun səmimi olub-olmamasından asılı olmayaraq, bu, mənə Rusiyanın öz beynəlxalq reputasiyası və prestiji haqda düşündüyünü göstərirdi. Putinin Azərbaycandakı prestiji ortaya qoyulub. O, noyabrın 9-u-10-da üçtərəfli atəşkəs sazişi imzalayıb. Məhz onun sülhməramlıları Ermənistan və Azərbaycan arasında sülhün qorunmasına görə məsuliyyət daşıyırlar. Əgər siz Vladimir Putinsinizsə, artıq Ermənistanda nəzarət etmək üçün lazım olan hər şeyə nəzarət edirsiniz. Strateji baxımdan Rusiyanın Cənubi Qafqazda mövqelərini gücləndirmək üçün Azərbaycanla yaxşı münasibət, daha yaxşı münasibət qurmaq lazımdır. Ona görə də mən onun Azərbaycana yönələ bilməsindən narahat deyiləm və həqiqətən də düşünürəm ki, prezident Əliyev diplomatiyanı çox məharətlə həyata keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG