Accessibility links

Nərmin işi: 'Anası dedi ki, polis rəisindən pul almağa gəlmişəm'


Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı cinayət işində ən çox adı hallananlardan biri də rayonun polis rəisidir. O zaman Tovuz polisinə rəhbərlik etmiş Şirzad Əsgərov bu hadisədən bir müddət sonra – 2021-ci ilin yanvarında vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Nərminin anası Aynurə İsmayılova məhkəmədə dindiriləndə demişdi ki, yanmış meyit tapılmamışdan iki-üç gün öncə polis rəisi onlara gəlib. Soruşub ki, uşağınız tanınmaz halda tapılsa, onu siz nəyindən tanıya bilərsiz?

Ana polis şöbəsinə niyə gedib

İsmayılova dindiriləndə o da məlum olmuşdu ki, meyit tapıldığı gün o, iki dəfə polis rəisi ilə görüşüb. Həm səhər saatlarında özü Tovuz Rayon Polis Şöbəsinə gedib, həm də bundan bir neçə saat sonra – günorta Şirzad Əsgərov onlara gedib. İsmayılova deyirdi ki, səhər şöbəyə gedib, itkin övladından xəbər olub-olmadığını polis rəisindən soruşub. Günorta Əsgərov onlara gəlib, yenə də Nərmin, onun əynindəki geyimlər haqda soruşub.

Vəkillər də ona suallar verirdilər ki, uşağın itməsindən 47 gün keçmişdi, izahatlar alınmışdı, hansı paltarda və nə vaxt getməsi soruşulmuşdu, üstəlik, həmin gün səhər də polis rəisiylə görüşmüşdülər. Bir neçə saat sonra Əsgərovun təkrar onlara gəlməsinə nə ehtiyac vardı?

O dövrdə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşı olmuş Murad Süleymanov bu işlə bağlı məhkəmədə dindirilərkən yanmış meyit tapıldığı gün səhər şöbədə İsmayılovanı gördüyünü deyib. Süleymanov özü də Dondar Quşçu kəndində yaşayır. O, həm də azyaşlını oğurlayıb öldürməkdə suçlanan İlkin Süleymanovun əmisi oğludur.

"Yanvarın 6-da şöbənin qarşısında "razvod" bitdi, içəri keçəndə Aynurə İsmayılovanı gördüm. Dedi ki, rəisdən pul almağa gəlmişəm. Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərovu nəzərdə tuturdu", – Süleymanov aprelin 6-da Gəncə Ağır Cinayətlər Məhkəməsində dindirilərkən belə deyib.

"Rəis çatan kimi Şahlar Cəfərova dedi ki, odur – Nərmindir..."

O bildirib ki, uşaq itkin olduğu vaxt axtarışlarda iştirak edən polislərə Nərminin fotosu göstərilmişdi. Meyit yanarkən onu gördüyünü deyən Süleymanovun sözlərinə görə, daha çox qurşaq, qarın nahiyəsi yandırılmışdı: "Dizdən aşağı, demək olar ki, yanmırdı. Üzündə də alov gördüyümü xatırlamıram. Amma üzü artıq tanınmaz halda idi. Mən şəxsən tanımadım ki, Nərmindir, yoxsa yox. Meyit yanması haqda polis rəisinə xəbər verəndən təxminən 15 dəqiqə sonra rəis müavini Şahlar Cəfərovla gəldilər, ardınca başqa polislər gəldi. Rəis çatan kimi Şahlar Cəfərova dedi ki, odur – Nərmindir...".

Süleymanov yada salıb ki, hələ meyit tapılmamışdan öncə rəis müavini Cəfərov ondan Dondar Quşçuda tək yaşayan sakinlər haqda soruşmuşdu.

Yanğın yerinə gələn polis rəisi və müavinin əmri ilə heç bir aydınlaşdırma aparılmadan İlkinin saxlandığını deyən Süleymanov deyir ki, əmisi oğlunun həbsindən sonra onun özünə qarşı da təzyiqlər başlayıb. O iddia edir ki, polis rəisi Nərmin mövzusunda söhbət düşən hər yerdə qatilin məhz İlkin olmasını deməyi ondan tələb edirdi. O isə etiraz etdiyinə görə artıq aralarında münasibət gərginləşmişdi: "Hətta rəis bir gün polis vəsiqəmi aldı, ertəsi gün qaytardı...".

"Bilirdim ki, Şirzad Əsgərov məni rahat buraxmayacaq"

Süleymanovun sözlərinə görə, İlkin yanvarın 23-də apellyasiya məhkəməsində işgəncəyə məruz qaldığını, törətmədiyi cinayətin onun üzərinə atıldığını deyəndən sonra o, yanvarın 29-da internet televiziyalarından birinə müsahibə verib. Həmin müsahibədə o, yanvarın 9-dan 10-na keçən gecə İlkin Süleymanovu rəis və digər polislərin evlərinə gətirdiklərini, onun ailə üzvlərini aldadaraq və zorla evdən çıxardıqlarını, eləcə də bu işlə bağlı başqa məsələləri danışıb. Bundan sonra rəisin daha da aqressivləşdiyini deyən Süleymanov daxili işlər nazirinə raport göndərib ki, özünə və yaxınlarına qarşı təzyiqlərlə əlaqədar işdən çıxmaq istəyir. Bu teleqramdan az sonra onu təcili şəkildə nazir müavini Seyfulla Əzimovun yanına aparıblar. Həmin vaxt o, təzyiqlərə görə artıq kənddə qalmırmış.

"Axşam saatlarında gəlib evdən məni Seyfulla müəllimin yanına apardılar. Soruşdu ki, işdən çıxmaq istəməyinin səbəbi nədir? Dedi ki, cənab nazir bu məsələni araşdırmaq göstərişi verib. Ona rəisin elədiyi haqsızlıqları danışdım. Dedi ki, Şirzad Əsgərov kimdir sənə bunları desin. Oradan çıxanda məni general Sahib Mirzəyevin otağına apardılar. O da dedi ki, get, işini işlə. Bilirdim ki, Şirzad Əsgərov məni rahat buraxmayacaq, xəbərdarlıq eləmişdilər. Ona görə iki gün sonra yenə nazirə teleqram vurub işdən çıxdım", – Süleymanovun sözləridir.

"Uşağın səsi çıxsaydı, mütləq bizdə eşidilərdi"

Azyaşlının valideynləri dəfələrlə Murad Süleymanovu da cinayətdə ittiham ediblər. Onlar iddia edir ki, İlkin bu cinayəti təkbaşına törətməyib, əmisi oğlu da ona kömək edib. Hətta Muradın polis olmasından istifadə edərək özünün və İlkinin yaşadığı evdə axtarış aparmağa imkan vermədiyini deyirdilər. Süleymanov isə məhkəmədə bildirib ki, bu barədə səslənən fikirlər yalandır. Onun sözlərinə görə, meyit tapılana qədər nəinki onların, ümumiyyətlə, kənddəki qonşulardan heç kimin evində axtarış aparılmayıb. Yalnız Nərmingilin özünün və əmisigilin evlərində axtarış aparılıb: "Mən kim idim ki, axtarış aparanlara imkan verməyim, adi serjant idim. Məni prokurorluqda Aynurə İsmayılova ilə üzləşdirmişdilər. Böhtan atmışdı ki, guya ona pul təklif eləmişəm. Araşdıranlar da gördü ki, yalandır, bu məsələnin üstünə getmədilər".

Süleymanovun yaşadığı evlə Nərminin 47 gün saxlandığı iddia olunan evi yalnız arakəsmə ayırır. Deyir ki, o ev vaxtilə babalarına məxsus olub, sonradan iki oğlu arasında bölüb. İlkingil öz həyətlərində əlavə ev tikdiyinə görə köhnədən də yardımçı tikili kimi istifadə ediblər: "Orada adam saxlansaydı, uşağın səsi çıxsaydı, mütləq bizdə eşidilərdi. Hətta orada yeriyəndə bizdə bilmək olur".

Bu cinayət işiylə bağlı məhkəmə araşdırmaları davam edir.

Şahlar Cəfərov kimdir

Məhkəmə prosesində adı keçən Şahlar Cəfərov Tovuz Rayon Polis Şöbəsindən öncə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çalışıb. Onun adı bir çox ictimai-siyasi fəalların həbsində, onlara işgəncə verməkdə hallanıb. Məsələn, ictimai fəal Elgiz Qəhrəman iddia edirdi ki, həmin idarədə cibinə narkotiki Cəfərov atıb. İlahiyyatçı Taleh Bağırov və Nardaran hadisələrində həbs olunan digərləri onun tərəfindən ağlasığmaz işgəncələrə məruz qaldıqlarını bildirirdilər. Hətta Cəfərov məhkəmədə dindiriləndə qalmaqal yaranmış, ona plastik su şüşələri atılmışdı.

Lakin Cəfərov ifadələrində bildirmişdi ki, ünvanına səslənən ittihamlar yalandır: "Nə mən, nə də digər əməkdaşlar onlara işgəncə verib...".

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski BMT Baş Katibini və Türkiyə prezidentini Lvivdə qəbul edib
please wait

No media source currently available

0:00 0:13:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG