Narkomanlar və zorakı cinayətlərə görəhəbsdə olan məhkumlarla birgə Təbriz Mərkəzi Həbsxanasının 15 saylı bölməsində saxlanılan milli fəal Ruzbeh Pirinin bölməsinin dəyişdirilməsinə dair tələbi təmin olunmayıb.
Bu barədə Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) yayımladığı məlumata əsasən, bölməsinin dəyişdirilməsini tələb edən Ruzbeh Piri mart ayının 30-da başqa bölməyə köçürülüb, 2 saat sonra təkrar əvvəlki saxlandığı 15 saylı bölməyə qaytarılıb. Buna etiraz edən siyasi məhbusa "səhv baş verib" deyə həbsxana məmurları tərəfindən cavab verilib.
Ərk Cəmiyyətinin saytı siyasi məhbusun uyğunsuz bölmədə saxlanılması, Ruzbehin bölməsinin dəyişdirilməsi ardından çox qısa müddətdən sonra əvvəlki bölməsinə qaytarılması haqda bir səhvin baş verməsi ehtimalının az olduğunu qeyd edib. Ərk cəmiyyətinin yayımladığı hesabatda bu hadisənin Kəşfiyyat İdarəsi tərəfindən həbsxanaya nəzarət edən hakim və həbsxana rəsmiləri vasitəsilə siyasi məhbusu sıxışdırmaq məqsədilə həyata keçirilmə ehtimalının daha ağlabatan olduğu irəli sürülüb.
Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) BMT-nin İran üzrə xüsusi məruzəçisinə Ruzbeh Pirinin vəziyyəti ilə bağlı şikayət göndərdiyini bildirib.
Ruzbeh Piri keçən fevral ayında Təbriz Mərkəzi həbsxanasından ailəsi ilə qurduğu telefon əlaqəsində narkomanların saxlandığı bölməyə köçürüldüyünü bildirmişdi. Narkomanların saxlanıldığı palatada günlük olaraq məhkumlara narkotik asılılığının müalicəsində istifadə edilən metadon dərmanı verilir.
Təbriz sakini Piri fevralın 12-də atası evində təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb daha sonra isə Təbriz Mərkəzi Həbsxanasına aparılmışdı. Hazırda siyasi məhbus daha öncə "hökumətə qarşı qruplara üzv olmaq" və "sistemə qarşı təbliğat aparmaq" ittihamlarından məhkum olduğu 3 il 8 ay həbs cəzasını çəkməkdədir.