Accessibility links

Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada müharibə cinayətlərini araşdırır


Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada müharibə cinayətlərini araşdırır
please wait

No media source currently available

0:00 0:03:42 0:00

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Karim Xan Buçanı ziyarət etdikdən sonra Ukraynanın cinayətlərin baş verdiyi yer olduğunu deyib. Məhkəmənin nümayəndələri Buçada Rusiya qüvvələrinin Ukraynada dinc əhaliyə qarşı hərbi cinayətlərə dair məlumatları araşdırıb, dəlillər toplayır. Birləşmiş Ştatlar bu cinayətlərin sənədləşdirilməsinə kömək edəcəyini bildirib.

Müharibə cinayətləri üzrə prokurorlar keçən həftə Ukrayna paytaxtı yaxınlığındakı Buça şəhərinə səfər edərək, məhkəmə ekspertlərinin işə başladığı vaxt dəlillərə diqqət yetiriləcəyinə söz veriblər. Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru jurnalistlərə açıqlama verib.

“Hər bir insanın, xüsusilə də də mülki şəxslərin müəyyən hüquqları var. Biz onların adından danışmalıyıq və baş verənlərlə bağlı həqiqəti üzə çıxarmaqda israrlı olmalıyıq və hakimlər məsuliyyətin olub-olmadığı haqda qərar verəcək”, Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Karim Xan bildirib.

Niderlandda Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynada hərbi cinayətləri ilə bağlı təhqiqata başlayıb. Nə Rusiya, nə də ABŞ beynəlxalq təşkilatın üzvü deyil. ABŞ-ın Ukrayna üzrə yüksək səviyyəli diplomatı deyib ki, artıq dünya Rusiya prezidenti Vladimir Putinin Ukraynanın müxtəlif şəhərlərində törədilmiş vəhşiliklərin “saxta” və ya “səhnələşdirilmiş olduğunu” iddia etdiyi zaman yalan söylədiyini bilir.

“Dünya onun Kramatorskda qatar stansiyasında baş verən partlayışa görə məsuliyyət daşışıdığını bilir. O, Buçada törədilən vəhşiliklərə görə məsuliyyət daşıyır. O, Mariupoldakı dağıntılara görə məsuliyyət daşıyır. O, Xarkovda dağıntılara görə məsuliyyət daşıyır. Onun barmağı ilə göstərə biləcəyi heç kim yoxdur və dünya bunu bilir”, ABŞ-ın Ukraynada müvəqqəti işlər vəkili Kristina Kvien bildirib.

Dövlət Departamentinin sözçüsü Ned Praysa brifinq zamanı ABŞ-ın özü tərəfindən Ukraynada müharibə cinayətləri ilə bağlı təhqiqatın nəyə görə aparılmaması və prezident Co Baydenin “soyqırım” sözündən vaxtından əvvəl istifadə edib-etməməsi ilə bağlı dəfələrlə sual verilib.

“Hazırda biz dünya boyu tərəfdaşlar, lakin ilk növbədə ukraynalı tərəfdaşlarımızla vəhşiliklər, potensial müharibə cinayətləri ilə bağlı sübutların toplanması, saxlanması, sənədləşdirilməsi və paylaşılmasında onlara kömək göstərmək üçün işləyirik. Bəli, əgər bu hüquqi hədd, soyqırım həddinə çatsa, biz potensial mühakimə ehtimalı ilə cinayət işinə başlamaq üçün öz səlahiyyətləri daxilində komanda yaradan Ukrayna Baş Prokurorluğu ilə çox sıx işləyirik”, Ned Prays bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski Putini beynəlxalq tribunal qarşısına çıxarmağa çağırıb.

“Dünyanın bütün aparıcı dövlətləri artıq Rusiyanın Kramatorska hücumunu pisləyib. Biz bu müharibə cinayətinə güclü qlobal cavab gözləyirik. Buçada qətliam kimi, Rusiyanın bir çox digər hərbi cinayətləri kimi Kramatorska raket hücumu da tribunalın ittihamlarından biri olmalıdır və bu, mütləq baş verməlidir”, Zelenski deyib.

Ekspertlər Amerikanın Səsinə Rusiya əsgərlərinin Rusiyada qaldığı müddətdə onlara çıxış imkanlarının mümkün olmadığını bildiriblər. Lakin onların bildirdiyinə görə, cinayətkarları “utandırmaq və günahlandırmaq” üçün müharibə cinayətləri məhkəmələrinin keçirilməsi hələ də əhəmiyyət kəsb edə bilər.

“İndi müharibə cinayətləri ilə bağlı məhkəmələrin hətta qiyabi olaraq keçirilməsi çəkindirici təsir göstərə bilər, çünki aşağı rütbələrdə olanlar deyə bilər ki, `mən özümü potensial müharibə cinayətləri təqiblərinə qarşı həssas etmək istəmirəm`. Bu da o deməkdir ki, siz ömürlük Rusiyada ilişib qalacaqsınız, çünki ölkəni tərk etsəniz, universal yurisdiksiya əsasında hər yerdə mühakimə oluna bilərsiniz. Bu, Vladimir Putinə də aiddir”, Corc Vaşinqton Universitetinin professoru Aleksander Douns deyib.

Putin heç bir sübüt təqdim etmədən və kütləvi məzarlıqlardan toplanan dəlillər və çox sayda şahidlərin məlumatlarına zidd olaraq Buçada müharibə cinayətləri haqda xəbərlərin “saxta” olduğunu deyib.

XS
SM
MD
LG