Accessibility links

Həbs həyəcanı - Samir Aşurov yeddi gündür aclıq edir, Ravil Həsənov həbs ediləcəyini bildirir


Almaniyadan readmissiya olunandan sonra barəsində 4 ay həbs qətimkan tədbiri seçilən Samir Aşurov aprelin 19-dan həbsinə etiraz olaraq aclığa başlayıb. O, hazırda 7 gündür aclığı davam etdirir.

Bu barədə fəalın həyat yoldaşı Nuranə Aşurova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Samir Aşurov artıq Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasına köçürülüb.

"Onun səhhəti məni çox narahat edir. Telefon əlaqəmiz belə yoxdur. Samir şəkərdir, ürəyində problemlər var, komaya düşə bilər. Sabah gərək özüm Şüvəlana gedib təcridxanadan onun səhhəti barədə öyrənim. Amma məlumat alacağıma da inana bilmirəm," Nuranə Aşurova Amerikanın Səsinə deyib.

Bu arada vəkil Elçin Sadıqov Amerikanın Səsinə Samir Aşurovun aclığı davam etdirdiyini deyib. Amma vəkil təcridxanada hələ onunla görüşə bilməyib.

Penitensiar Xidmətdən Samir Aşurovun səhhəti ilə bağlı məlumat almaq hələ mümkün olmayıb.

Almaniyadan readmissiya olunan siyasi fəalların Azərbaycanda həbsi mühacirətdə olan digər siyasi fəallar arasında da təlaş hissi yaradıb

Almaniyada 2018-ci ildən mühacirtədə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Ravil Həsənov Amerikanın Səsinə deyib ki, Almaniya Məhkəməsi onun barəsində də neqativ qərar qəbul edib.

"Mən hər an deportasiya oluna bilərəm. Azərbaycana deportasiya olunan kimi məni də həbs edəcəklər. Çünki, 2019-cu ildə İlham Əliyev Münhen Təhülkəsizlik Konfransına gələn zaman hazırda həbsdə olan fəallar Mütəllim Orucov və Samir Aşurovla birgə mən də etiraz aksiyası keçirmişəm. Mən həm də etiraz aksiyasını canlı olaraq yaymışam," Həsənov qeyd edib.

Ravil Həsənov Azərbaycan hakimiyyətini tənqidlərindən sonra ölkə ərazisində yayımı məhkəmə qərarı ilə bloklanan "Azərbaycan Saatı" internet televizyasının əməkdaşıdır. O, 2018-ci ildə evinə polis gələndən sonra mühacirətə getdiyini bildirib.

Qeyd edək ki, rəsmi Bakı bir qayda olaraq insanların siyasi əqidəsinə görə təqib edilmədiyini bildirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bildirib ki, Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyyəsinə bıçaqla xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə (Qəsdən sağlamlığa ümumi təhlükəli üsulla ağır zərər vurma) cinayət işi qaldırılıb.

Hazırda Almaniyadan readmissiya olunan siyasi fəallardan - Malik Rzayev, Mütəlim Orucov, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samir Aşurov həbsdədir.

Almaniyanın Azərbaycandakı Səfirliyi siyasi fəalların həbsi ilə bağlı Amerikanın Səsinin sorğusuna cavabında bildirib ki, məsələ səfirliyin diqqətindədir.

"Biz bu kimi hadisələrin gedişatını diqqətlə izləyirik. Azərbaycan hökumətilə insan haqları məsələləri ilə bağlı müntəzəm olaraq danışqılar aparılır," Almaniyanın Azərbaycandakı Səfirliyi qeyd edib.

2021-ci ildə Avropadan 420 nəfər Azərbaycan vətəndaşı readmissiya edilib. Avropa İttifaqı ilə sazişin imzalandığı vaxtdan, 2014-cü ildən 2013 nəfər ölkəyə qaytarılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG