Accessibility links

Azərbaycan Dövlət Neft Fondunun Rusiyadakı aktivləri müharibə fonunda bir milyard dollar dəyər itirib – ekspertin və Neft Fondunun şərhi


İqtisad elmləri doktoru Qubad İbadoğlu bildirib ki, 2022-ci ilin birinci rübündə Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 1 milyard dollar itkiləri olub. Onun fikrincə, bu, əsasən ARDNF-nin Rusiya bazarında yerləşdirdiyi və son illər dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, geri çəkmədiyi aktivlərin dəyərsizləşməsindən yaranıb.

"ARDNF 2022-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatı açıqlayıb. Bu açıqlamadan bəlli olur ki, Dövlət Neft Fondu bu ilin 1-ci rübündə 1 milyard 660 milyon 800 min manat itkiyə məruz qalıb. Belə ki, fondun aktivlərinin yenidən qiymətləndirilməsi zamanı onların bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərqi bu qədər olub. Ötən rüb ərzində fondun 1 milyard dollar itkiləri əsasən onun Rusiya bazarında yerləşdirdiyi aktivlərin dəyərsizləşməsindən yaranıb," o qeyd edib.

Ötən rüb ərzində fondun 1 milyard dollar itkiləri əsasən onun Rusiya bazarında yerləşdirdiyi aktivlərin dəyərsizləşməsindən yaranıb.
Qubad İbadoğlu, ekspert

Ekspert bununla yanaşı bildirir ki, dolların bahalaşmasına görə fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəliri 214,3 milyon manat təşkil edib.

"Məlumat üçün qeyd edim ki, fondun aktivlərinin 70 faizi ABŞ dollarındadır. 2022-ci il martın 31-ə ARDNF-nin aktivləri 2022-ci ilin əvvəli ilə müqayisədə 0,5 faiz artaraq 45 264 milyon ABŞ dolları təşkil edib. Məlumat üçün onu da qeyd edim ki, Neft Fondunun 2022-ci il üçün büdcəsi 1 barrel xam neftin qiyməti 50 dollar əsasında hesablanıb, halbuki, bu ilin 1-ci rübündə Azərbaycan neftinin 1 barelinin qiyməti orta hesabla 105 dollar təşkil edib, yəni proqnoz qiymətdən ən azı 2 dəfə yüksək olub," Qubad Ibadoğlu Facebook səhifəsində qeyd edib.

Azərbaycan Respublikası Dövlət Neft Fondu Amerikanın Səsinin “Azərbaycan Dövlət Neft Fondunun Rusiya bazarındakı aktivləri dəyər itiribmi? Dəyər itkisi varsa nə qədərdir?” sualının cavabında bildirib ki, ilk öncə ARDNF tərəfindən Moskva şəhərinin “Tverskaya 16” ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzində və Rusiya Bank VTB ASC-də uyğun olaraq 2012 və 2013-cü illərdə yatırımlar edilib və sözügedən yatırımların ARDNF-nin investisiya portfelində 1-ci rübün sonuna olan həcmi 0.3% təşkil edib.

Səhm indekslərində müşahidə olunan dalğalanmalarla yanaşı, məlum hərbigeosiyasi münaqişənin fonunda isə Rusiya maliyyə bazarlarına, o cümlədən VTB Bankına bu təsir daha böyük olmuşdur.
Azərbaycan Dövlət Neft Fondunun cavabından sitat

“Məlumunuz olduğu kimi son dövrlərdə qlobal maliyyə bazarlarında baş verən ciddi qısamüddətli dalğalanmalar bütün investorlara, o cümlədən institusional investorlara öz təsirini göstərməkdədir. Səhm indekslərində müşahidə olunan dalğalanmalarla yanaşı, məlum hərbi-geosiyasi münaqişənin fonunda isə Rusiya maliyyə bazarlarına, o cümlədən VTB Bankına bu təsir daha böyük olmuşdur. Lakin bildirmək istərdik ki, ARDNF müxtəlif risk faktorları, o cümlədən geosiyasi risklər nəzərə alınmaqla tarazılaşdırılmış və kifayət qədər şaxələndirilmiş, təqribən 70% -ə qədəri inkişaf etmiş ölkələrə yatırımlar təşkil edən investisiya portfelinə sahibdir və portfel üzrə onun sayı on minlərlə ölçülən individual investisiya mövqeləri vardır. Nümunə üçün qeyd edək ki, özündə minlərlə individual səhm mövqelərini birləşdirən qabaqcıl səhm indekslərində cari ilin ilk rübü ərzində 6-7% həcmində geriləmələr müşahidə olunmuşdur.

Nəzərinizə çatdıraq ki, beynəlxalq təcrübə də əsas götürülməklə, ARDNF-nin investisiya portfeli üzrə gəlirlilik hər hansı bir individual yatırım üzrə deyil, ümumi portfel kontekstində dəyərləndirilir və xüsusilə illik hesabatlarda investisiya portfelinin gəlirlilik göstəriciləri üzrə ətraflı məlumatlar öz əksini tapir.”

Bununla yanaşı, Dövlət Neft Fondu Amerikanın Səsinin "Qubad İbadoğlu və digər ekspertlər Dövlət Neft Fondunun Rusiya bazarındakı aktivlərini geri çəkməsinin vacibliyini bildirir. Dövlət Neft Fondu Rusiya bazarındakı aktivlərini geri çəkə bilərmi?" sualını cavabsız qoyub.

XS
SM
MD
LG